“Cəmil müəllimi partiyadan uzaqlaşdıranların bu gün ona göstərdikləri sevginin nə qədər çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir. Çox şeylər yazmaq olar, amma hesab edirəm ki, hami hər şeyi məndən də yaxşı bildiyindən, burada dayanıb hörmətli Cəmil müəllimə kiçik qardaşı kimi bir məsləhətim var. Sizi səmimi qəbul edənlərin etibarını və etimadını prezidentliyə namizəd kimi doğrultdunuz. Eyni zamanda bu prosesdən şəxsi maraqları üçün istifadə etmək istəyənlərin arzularını gözlərində qoydunuz. Məsləhətim odur ki, bundan sonra da sizdən istifadə etməklə, bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasınız”. APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının Divan üzvü İkram İsrafil “Facebook” sosial şəbəkəsindəki statusunda yazıb.
Keçmiş millət vəkili bəzi qüvvələrin Milli Şuranın sədri Cəmil Həsənlidən istifadə etmək niyyətindən danışıb: “Professor Cəmil Həsənlinin siyasi fəaliyyətini əvvəllər də yaxından izləmişdim. Ancaq 5 il həmkar olaraq, çox yaxından tanımaq imkanım oldu. Çox hörmət etdiyimiz və hörmətə layiq bir aydınımız olduğunu hər kəs bilir. Cəmil müəllimin prezidentliyə namizədliyinə səs verən, kampaniyasında əlimdən gələni hami kimi edən biri olduğumu hər halda özü bilir. Ancaq hörmətli Cəmil müəllimi bundan sonra acımasız, ancaq şəxsi maraqlarından və çıxarlarından başqa heç nə düşünməyən insanların istismar etməsini istəməzdim”.