“Bu gün baş verənlər ölkə siyasətinin yenidən dizayn edilməsi prosesinin tərkib hissəsidir. Etiraf etməliyik ki, Müsavatın Milli Şuradan ayrılması bizim iqtidara uduzmağımızdır”.
Lent.az-ın məlumatına görə, bu sözləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün “facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, hakimiyyət təəssüf ki, Müsavatı Milli Şuradan ayırmağı bacardı. F.Qəhrəmanlı deyib ki, Müsavatın Milli Şuradan qoparılması 2015-ci ilin parlament seçkilərinə hazırlıq prosesidir: “Hakimiyyət 2015-ci ildə Milli Şuranın simasında onunla işbirliyinə getməyən demokratik qüvvələri kənarda saxlamağı, Müsavat da daxil olmaqla öz "konstruktiv" müxalifətinin blokunu formalaşdırmağı və müxalifət adına onları parlamentə buraxmağı planlaşdırır”.
AXCP-nin sədr müavininin fikrincə, elə təəsürat yaradılmağa çalışılır ki, guya, AXCP ilə Müsavat arsında partiya maraqlarından qaynaqlanan konflikt yaşanır, əslində isə belə deyil: “Hazırkı polemikalar Müsavat Partiyası ilə Milli Şuraya daxil olan tanınmış ziyalılarla, bu quruma üzv olmayan cəmiyyətimizin nüfuzlu şəxsləri arasında gedir. Hətta Müsavat başqanın müavini Tofiq Yaqublu Müsavatın bu addımından üzüldüyünü və pərt olduğunu bildirib. Bütün bunları görməzlikdən gəlib, sadəcə bu polemikalarda fikir bildirən AXCP funksionerlərini hədəf almaqla Müsavatın yanlış addımının cəmiyyət tərəfindən qınanılmasını ört basdır etməyə çalışırlar”.