Eldəniz Quliyev: “Milli Şuranın sonudur”
10 yanvar 2014 12:10 (UTC +04:00)

Eldəniz Quliyev: “Milli Şuranın sonudur”

“Müsavat Partiyası Milli Şura yaranandan bu qurumdan gedənə qədər iş görməkdən çox, bəhanələrlə yadda qaldı”


 

“El Hərəkatının Milli Şurada qalıb-qalmaması, başqa sözlə, “El” Hərəkatının Milli Şuradan çıxması məsələsinin də müzakirə olunmağa başlamasının səbəbləri var. Söhbət Milli Şurada həll olunmamış, qarşıdurmaya aparan səbəblərdən gedir”.

 

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

 

E. Quliyev Milli Şuradakı bu problemlərin nədən qaynaqlandığını bilmədiyini söyləyib: “Mən, mütərəqqi fikirli hər kəs istəyir ki, Milli Şura fəaliyyət göstərsin, yaşasın. Amma Milli Şurada necəsə həmişə ortaya problem atır, qarşıdurma yaradırlar. Təəssüf ki, mən indi həmin səbəblər toplusunu açıqlaya bilmirəm. “El” Hərəkatı Milli Şura ilə bağlı qərarını gələn həftənin əvvəlində verəcək. Milli Şuradakı gənclərlə, ziyalılarla, partiyalarla, bu qurumdakı dostlarımızla məsləhətləşərək qərarımızı verəcəyik”.

 

E. Quliyev “El” Hərəkatı Milli Şuranı tərk etmək barədə qərar qəbul edərsə, bunun Müsavat Partiyasını qurumu tərk etməsi ilə eyniləşdirilməməsini zəruri sayıb: “Müsavat Partiyası Milli Şura yaranandan bu qurumdan gedənə qədər iş görməkdən çox, bəhanələrlə yadda qaldı. “El” Hərəkatı isə Milli Şuranı yaradan, onun nüvəsini təşkil edən qurumdur. “El” Hərəkatı olmasaydı, Milli Şura da olmayacaqdı. Milli Şura layihəsi Rüstəm İbrahimbəyova məxsus idisə, onun icrası, bütün ağırlığı “El” Hərəkatının üzərinə düşdü. Ona görə də “El” Hərəkatının getməsi Milli Şuranın sonudur. Müsavat Partiyasının getməsi isə sadəcə, Milli Şuraya zərbə idi. O zərbə ağrıdan daha çox ayıltmağa xidmət etməli idi. Ancaq bəzi obyektiv və subyektiv səbəblər var ki, bu məsələlər sessiyada, sessiyadan əvvəl siyasi partiya və hərəkat rəhbərləri ilə müzakirə edilib çözülməlidir. Mən kənardan bunu ancaq arzu edə bilərəm”.    

 

E. Quliyev onu da deyib ki, Müsavat Partiyası Milli Şuradan gedən gün qurumun fəxri sədri Rüstəm İbrahimbəyov ona zəng edib: “Rüstəm  İbrahimbəyov dedi ki, Milli Şuranın fəaliyyətini davam etdirməsini, güclənməsini, bu quruma fərdlərin, ziyalıların qoşulmasını istəyir. Çünki mübarizə ocağımız yoxdur, Milli Şuranı qorumaq lazımdır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar