“Kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə yüksək nəticələr əldə edilib”. Lent.az-ın məlumatına görə, bunu “interfax.az”-a müsahibəsində milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim Milli Təhlükəsizlik Nazirliyinin diqqət mərkəzindədir. “Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliyyətinin uğurlu nəticələr verməsi üçün düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir. Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir”.
Nazir onu da vurğulayıb ki, Milli Təhlükəsizlik Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də mübarizə sahəsində fəaliyyətini uğurla davam etdirir. “Son illər ərzində transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən tonlarla narkotik vasitə aşkar edilərək götürülüb. Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində qonşu dövlətlərin ərazisindən ölkəyə gömrük nəzarətindən kənar külli miqdarda tütün məmulatları, spirtli içkilər, qaz silahları, pnevmatik tapançalar, elektroşokerlər və sair qanunsuz ləvazimatların gətirilməsi faktları aşkar edilib. Bununla yanaşı, respublikamızın mədəni və tarixi sərvəti sayılan, təxminən eramızdan əvvəl başlayaraq müxtəlif vaxtlarda Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərə aid gümüş və mis pulların qaçaq yolla ölkədən çıxarılmasının qarşısı alınıb”.