Cenevrədə “Beynəlxalq Novruz Günü” keçirilib
26 mart 2014 19:19 (UTC +04:00)

Cenevrədə “Beynəlxalq Novruz Günü” keçirilib

0

Cenevrədə “Beynəlxalq Novruz Günü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən Lent.az-a verilən xəbərə görə, tədbir martın 25-də Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyənin Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə baş tutub.

 

Sözügedən tədbir ölkəmizin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixinin “Beynəlxalq Novruz Günü” kimi qeyd olunması ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq keçirilib.

 

Tədbirin açılış mərasimində çıxış edən BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru  M. Moller Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd edib. Natiq tədbirin təşkilində iştirak etmiş 9 ölkənin Daimi Nümayəndəliklərinin bu addımını mədəni əməkdaşlığın əyani nümunəsi kimi səciyyələndirib. O, eyni zamanda BMT-nin Baş Assambleyası tərəfindən Novruz bayramına beynəlxalq status verilməsini yüksək qiymətləndirib.

 

İştirakçılar Novruz bayramı münasibətilə Daimi Nümayəndəliyimiz tərəfindən təqdim edilmiş şirniyyatları və milli mətbəx nümunələrini dadıb, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif fotoşəkil və materiallardan ibarət sərgiyə baxıblar.

 

Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanıb, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə, habelə xalqımızın qonaqpərvərliyinə olan heyranlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar