Dövlətin varlığını təsdiqləyən amillərdən biri məhz ideologiyadır. İdeologiyası olmayan millətin dövlətçiliyindən də söhbət gedə bilməz. Məhz ideologiya millətin varlığını təsdiqləyir, çünki milli ideologiya özündə həm millətin tarixini, həm dilini, həm milli-mənəvi dəyərlərini, bir sözlə milləti millət olaraq təsdiqləyən əsasları ehtiva edir. Milli ideologiyasını qoruyub saxlamağı bacaran millət dövlətçiliyini də təsdiqləmiş olur. Bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi önəm kəsb edir. Çünki tarix boyu azərbaycançılıq ideologiyası müxtəlif təsirlərə, təzyiqlərə məruz qalmasına baxmayaraq millətin vahid ideologiyası kimi qəbul olunmuş, zəngin dövlətçilik tariximizin parlaq səhifəsini təşkil etmişdir. Azərbaycançılıq ideologiyası tarixi dəyişiklərə məruz qalmış, dəyişilmiş,bununla belə yenə də millətin varlığını qoruyub təsdiqləyə bilmişdir. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etmişdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən konsepsual şəkildə irəli sürülən azərbaycançılıq ideologiyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Günümüzdə azərbaycançılıq əbədiyaşar ideologiyalardan birinə çevrilib və müasir dövlətçiliymizin inkişafının əsasını təşkil edir. Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti və gələcəyimizin əsas istiqamətlərindən biri kimi, yadigar qoyduğu, dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasıdır. Müasir Azərbaycan açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin, təriqətlərin, etiqadların, Şərq və Qərb mədəniyyətlərinin, digər mənəvi və bəşəri dəyərlərin sintezindən ibarət bir diyardır. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün dünya üçün açıqdır, dünyanın elə bir ölkəsi, elə bir guşəsi yoxdur ki, həmin yerlərlə bizim mədəni, mənəvi bağlılığımız olmasın. Bununla belə Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edən azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən ən önəmli faktordur. Bü müstəvidə də azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrilməklə dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaq və ümid yeridir.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı