Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar dünən Nyu-York Azərbaycan-Amerikan Qadınlar Assosiasiyası Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin və BMT Baş Assambleyasının binası qarşısında etiraz aksiyası təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumta görə, aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Amerika bayraqları, Xocalıya ədalət tələb edən, faciəni əks etdirən plakatlar tutublar. Onlar “Ermənistan terrorçu”, “Ermənistan uşaq və qadın qatili”, “Ermənistan, etdiklərindən utan!”, “Ermənistan, Azərbaycandan və Türkiyədən əlini çək!” kimi şüarlar səsləndirib.
Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciəsi haqqında broşürlər paylanılıb. Aksiyaya türk icmasının nümayəndələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dəhşətli faktı bütün dünyaya çatdırmaq üçün əllərindən gələni edəcəklərinə söz veriblər.
Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro etiraz nümayişində iştirak edib. Lisa Hellman Lomauro Ermənistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişənin həlli yolunda əlindən gələn köməyi göstərəcəyinə söz verib.