“Arif Hacılı seçkilər vaxtı Cəmil Həsənlinin seçki qərargahının rəhbəri olsa da, heç bir dairədə Müsavatın müşahidəçilərinin siyahısını ortalığa çıxara bilmədi. Təmsil etdiyi partiya Cəmil Həsənlinin bir görüşünü belə təşkil etmədi və ya edə bilmədi. Əksinə, bütün görüşlərin təşkilatçısı olan AXCP-nin bir sıra rayonlardakı görüş qrafikini müxtəlif bəhanələrlə təxirə saldırdılar”.
Lent.az-ın məlumatına görə, bu sözləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün “facebook” sosial şəbəkəsindəki hesabında yazıb. F.Qəhrəmanlı onu Müsavata böhtan atmaqda ittiham edən Arif Hacılıya cavab verib.
AXCP-nin sədr müavini bildirib ki, Müsavatın Milli Şuranı tərk etməsi bu qurumda birgə mübarizə apardığı tərəfdaşlarını meydanda yarı yolda buraxıb getməkdir.
F.Qəhrəmanlı A.Hacılının Müsavatın MŞ-i tərk edərək, “əl-ayağa dolaşanlardan azad olduğunu” deməsinə də münasibət bildirib. O deyib ki, belə çıxır, prezident seçkiləri kampaniyası gedişində Müsavat Partiyası Cəmil Həsənli də daxil olmaqla, MŞ üzvlərinə tərəfdaş, mübarizə yoldaşı kimi yox, əl-ayağına dolaşan şəxslər kimi baxıb: “Bəlkə Arif bəy onu nəzərdə tutur ki, 2013-cü ilin əvvəlindən Müsavat başqanı vahid namizədi “Şaxta baba” adlandırıb, müxalifətin geniş birliyi ideyasına qarşı çıxanda məhz Əli Kərimli onlara ictimai rəyin gücü ilə bu ideyanı qəbul etdirərkən, Rüstəm İbrahimbəyov Milli Şuranı yaradarkən onun və onunla birgə olanların qəlbində saxladığı fikirlərin gerçəkləşməsinə mane olub, əl-ayağa dolaşıb?!”.