Atatürkü yada salan MHP, domburalı AKP, namizədləri oxuyan CHP...
26 mart 2014 22:18 (UTC +04:00)

Atatürkü yada salan MHP, domburalı AKP, namizədləri oxuyan CHP...

Türkiyədə 30 Martda keçiriləcək Bələdiyyə seçkiləri ilə bağlı seçim görüşləri, mitinqlər, partiya liderlərinin çıxışları intensivləşib.

 

Türkiyə cəmiyyəti üçün indi əsas mövzu seçkidir. Bu seçkidə siyasi liderlərin təbliğat vasitəsi isə həmişə olduğu kimi mitinqlərdə tərəfdarları ilə görüşlə yanaşı həm də media və reklamlardır. Bir də seçki üçün yazılmış mahnılar var. Bütün dünyada istifadə olunan, Türkiyədə də ənənə halını almış “mahnı ilə seçkiyə getmə” vacib piar elementi olaraq bu dəfə də unudulmayıb.

 

Əvvəlcə reklamlardan başlayaq. Türkiyənin bütün televiziya kanallarında və mətbuatında ölkənin hakim partiyası AKP-nin və iki əsas müxalifət partiyası olan CHP ilə MHP-nin reklam videoçarxları tez-tez təkrarlanır.

 

Seçkilərdə təkcə bu partiyaların liderlərinin çıxışları, bir-birinə atdıqları atmacalar yox, həm də reklamları müzakirə olunur.

 

Lent.az bununla bağlı araşdırma aparıb.

 

 

AKP “İstiqlal marşı” ilə

 

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əsas seçki reklamı məşhur Türk şairi Mehmet Akif Ərsoyun “İstiqlal marşı” şeirinin bir hissəsini səsləndirməsi üzərində qurulub. Reklam çarxında yeni texnologiyalardan istifadə olunub.

 

Reklam çarxında görünən əsas mesaj Türkiyənin baxışlarından asılı olmadan bütün insanlarının birliyi və Türkiyə bayrağını qucaqlamağı bacarmalarıdır.

 

 

Bu reklam çarxı ilə bağlı isə Türkiyə mediasında mübahisələr davam edir. Mediada reklamın plagiat olması barədə mübahisələr var. İddialara görə, reklam çarxı “Sony” şirkətinin 2003-cü ildə “Playstation”un oyun aparatları üçün çəkilən “Dağ”ın (Mountain) təkrarıdır.

 

 

Lent.az-ın əldə etdiyi məlumata görə, bu klipin müəllifi Taylan Doğandır. Onun hakim partiyanın başqa bir neçə reklam videosunun da ideya müəllifi olduğu bildirilir. 

 

CHP oxuya-oxuya

 

 

Cümhuriyyət  Xalq Partiyası (CHP) isə seçim reklamında bələdiyyə başqanlığına məşhur namizədlərini oxudub. Sözün həqiqi mənasında, oxudub.

 

 

CHP-nin tanınan siyasətçiləri məşhur mahnı yazarı və müğənni Şenay Yüzbaşıoğluna məxsus "Hayat Bayram Olsa" mahnısını ifa ediblər.

 

Reklam çarxında CHP-nin tanınan bələdiyyə başqanlığına namizədləri Mustafa Sarıgül (İstanbul), Mustafa Akaydın (Antalya), Mansur Yavaş (Ankara), Lütfi Savaş (Hatay), Aziz Kocaoğlu (İzmir) və başqaları yer alıblar.  

 

Onların oxuduğu mahnının fonunda isə CHP başqanı Kamal Kılıçdaroğlu “Hər gününü bayram kimi yaşayacağımız Türkiyə üçün biz hazırıq” mesajını verib.

 

 

 

MHP: Hərkəs=Türkiyə

 

 

Milliyyətçi Hərəkat Partiyası (MHP) isə seçki reklamını  Mustafa Kamal Atatürkün səsi ilə “Nə mutlu Türküm deyənə” sloqanı ilə başlayıb.

 

Daha sonra Türkiyənin bütün zümrələrinin, tarixinin və bugünkü problemlərinin sadalandığı reklamda bərabərlik, birlik mesajı verilib. Reklam bu sloqanla bitir: Hərkəs=Türkiyə!

 

 

II. Seçim mahnıları

 

 

Bu günlərdə Türkiyənin xəbər kanlalarından belə musiqi səsi gəlir. Pop, xalq sənət musiqisi, ya da bir döyüş marşı deyil dinlədikləriniz. Türkiyənin bir hakimiyyət və iki əsas müxalifət partiyasının seçim musiqiləridir.

 

Türkiyənin bütün şəhərlərinin əsas meydanlarında da bu mahnılar fərqli günlərdə səslənir. Dombura səsi gəlirsə, deməli, meydanda AKP mitinqi olacaq,  “Artıq yetər” deyilirsə, bir azdan Dövlət Bahçalı danışacaq, bir pop musiqisinin fonunda CHP-nin adını duyursunuzsa, deməli, bir az sonra Kamal Kılıncdaroğlunun Ərdoğana yönəlik tikanlı sözlərini eşitməyə hazır olmalısınız...

 

 

Domburalı AKP

 

AKP-nin seçim mahnısı “Yenidən Türkiyəm” adlanır. Mahnını məşhur bəstəkar və musiqiçi Uğur Işılak hazırlayıb. 

 

Mahnıda "Göründüyü kimi olan, gücünü millətdən alan Rəcəb Tayyip Ərdoğan" kimi sözlər var.

 

Reklam musiqisi sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirələrə səbəb olub. Mahnının məşhur “Çingiz xan” marşının plagiatı olduğu, eynilə orda istifadə olunan Dombranın burda da istifadə olunmasının yolverilməzliyi iddia olunur. 

 

 

 

“Haydı, indi  CHP ilə”

 

CHP-nin seçim musiqisi “Haydı, indi  CHP ilə” adlanır.  CHP seçim mahnısını xüsusi təqdimat mərasimində mediaya təqdim edilsə də, mahnının müəllifi və səsləndirənlə bağlı məlumat yoxdur.

 

CHP-nin rəsmi saytında da mahnı yerləşdirilsə də, orda da əlavə məlumat verilməyib.

 

Türkiyənin “Hürriyyət” qəzeti isə CHP-nin seçim mahnısının bir piar agentliyi tərəfindən hazırlandığını qeyd edib.

 

 

 

“Artıq yetər...”

 

MHP isə  seçkiyə  “Artıq yetər, indi söz sənin” mahnısı ilə gedib. MHP də bu mahnını rəsmi kampaniyaya başlamasını elan etdiyi mərasimdə səsləndirib. MHP-nin bütün mitiqnlərində ilk səslənən seçim mahnısı məhz budur.

 

MHP-nin seçim sloqanı da məhz bu sözlərdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148
avatar

Oxşar yazılar