Ankarada Xocalı abidəsinin açılışı olub - <span style="color:red;">YENİLƏNİB
26 fevral 2014 19:02 (UTC +04:00)

Ankarada Xocalı abidəsinin açılışı olub - YENİLƏNİB

Cəmil Çiçək: “Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır”


 

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Keçiörən rayonu ərazisində Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində göndərdiyi müraciət oxunub.

 

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı soyqırımı barədə məlumat verdikdən sonra abidəni qoyan Keçiörən bələdiyyəsinə təşəkkürünü bildirib.

 

Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov son 200 ildə ermənilərin türklərə qarşı törətdikləri soyqırımları xatırladaraq, bundan sonra bu cür faciələrin yaşanmaması üçün Türkiyə ilə Azərbaycanın öz qüvvələrini birləşdirməsinin vacib olduğunu deyib. Dünyada gücün önəminə diqqəti cəlb edən Ziyafət Əsgərov, Azərbaycanın getdikcə güclənməsinin nəticəsi olaraq dünyanın təxminən 20 ölkəsinin parlamentinin Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdiklərini və prosesin davam edəcəyini söyləyib.

 

Sonra çıxış edən millət vəkili Qənirə Paşayeva Xocalı hadisəsinin bütün türklərə qarşı həyata keçirilən soyqırım olduğunu vurğulayaraq soyqırımı törədən Robert Koçaryan və Serj Sarkisyan kimi adamların Ermənistana rəhbərlik etmək yerinə, beynəlxalq məhkəmələrə çıxarılmalı olduğunu nəzərə çatdırıb.

 

Abidənin açılışında Azərbaycandan millət vəkilləri Arif Rəhimzadə, Kamilə Əliyeva, Türkiyə millət vəkilləri, iqtidardakı Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, İstanbul millət vəkili İsmail Safi də çıxış ediblər.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək mərasimdəki çıxışında bildirib ki, bu abidə Dağlıq Qarabağda yaşananları unutmamaq və unutdurmamaq üçün inşa edilib: “Bu gün burada öz acılarımızı xatırlamaq üçün bir araya gəlmişik. Bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin təməlində qardaşlıq dayanır. Qardaşlar bir-birilərinin sevinclərini və kədərlərini paylaşır. Biz Anadolu türkləri, Azərbaycan türklərini özümüzə öz varislərimiz qədər yaxın hiss edirik, bir-birimizi ayrı dövləti olan bir millət kimi görürük. Azərbaycan bizim ikinci dövlətimizdir. 100 il əvvəl Balkanlarda və Anadoluda yaşadığımız acılar kimi, 22 il əvvəl Dağlıq Qarabağda böyük bir acı yaşadıq. Millət olaraq bizə böyük iztirab verən bu acını unutmamalıyıq. Çünki başqalarının acılarına diqqət göstərib öz acılarımızı unutsaq, bir millət kimi öz keyfiyyətlərimizi itirərik”. 

 

C. Çiçək qeyd edib ki, Xocalı qətliamı adi bir kütləvi qətl deyil, Qafqazda erməni işğalçılığının bir təzahürüdür. O bəyan edib ki, bu qətlləri törədən bütün canilər məsuliyyətə cəlb olunmalıdır: “Eynilə Bosniyada soyqırım törədən canilər Miloşeviç və Karaciç kimi, qeyri-rəsmi məlumatlara əsasən Xocalıda 1300 qardaş-bacımızı qətlə yetirmiş canilər də beynəlxalq məhkəmədə mühakimə olunmalıdır”. 

 

TBMM sədri deyib ki, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün Ermənistan  işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır: “Biz Türkiyə olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün üzərimizə düşən hər işi görməyə hazırıq. Bütün dövlətləri və beynəlxalq təşkilatları ermənilərin haqsız işğalına son qoymağa çağırırıq”. 

 

Mərasimdən sonra TBMM sədri Cəmil Çiçək Azərbaycan Milli Məclisinin Ankarada səfərdə olan nümayəndə heyətini TBMM-də qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar