Azərbaycanın hakim partiyası Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxsləri cinayət məsuliyyətə cəlb etməyə çağırıb. Parlamentin bu gün keçirilən iclasında çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
O bunu onunla əsaslandırıb ki, gələcəkdə belə hadisələr təkrar olunmasın: “Xocalıda baş verən hadisələrin iki əsas motivi var. Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərini işğal olunması ilə əlaqədardır. Lakin gələcək göstərəcək ki, azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez alınacaq”.
O, həmçinin qeyd edib ki, ermənilər öz saxta soyqırımlarını dünyada tanıtmaq üçün 100 ildir ki, öz lobbiləri ilə işlər görürlər: “Ancaq Azərbaycan Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək”.
S. Novruzov onu da əlavə edib ki, bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir: “Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır”.