Fevralın 25-də “LN” İncəsənət Mərkəzində Dövlət Rəsm Qalereyası və T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların əsərlərinin sərgisi keçirilib.
Mədəniyyət və Turizm NazirliyindənAPA-ya verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Sarayının müəllimləri iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirib: “Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər”.
Elnur Hüseynov qeyd edib ki, sərgidə “LN” İncəsənət Mərkəzinin və yaradıcılıq sarayı şagirdlərinin 40-dan artıq rəsmi nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan Əhmədov Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Sərgi 3 gün davam edəcək.