Hərbi parad başladı
26 iyun 2011 11:30 (UTC +04:00)

Hərbi parad başladı

Lent.az-ın verdiyi məlumata görə, hərbi paradı Ali Baş Komandan, prezident İlham Əliyev qəbul edir. Paradda dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, paradın proqramına görə, şəxsi heyətdən sonra tribunanın önündən hərbi texnikanın keçidi olacaq. Hərbi texnika keçidinin önündə motosiklet qrupu hərəkət edəcək. Hər bir motosikletdə sürücü ilə yanaşı, PK markalı pulemyotla silahlanmış bir müşahidəçi əsgər olacaq.

Paradda müxtəlif markalı – “Mersedes Benz”, “Hummer”, BMC, UAZ, “Land Rover Defender” kimi hərbi nəqliyyat vasitələri iştirak edəcək. İlk dəfə olaraq paradda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Türkiyənin “Otokar” şirkətindən aldığı müxtəlif modeldə “Land Rover Defender” nəqliyyat vasitələri və ‘Cobra” markalı zirehli transportyorlar “kolon”la keçəcək. Daxili Qoşunların “Hummer” avtomobilləri ilə yanaşı, üzərində Azərbaycan istehsalı olan 82 mm çaplı minaatanların qurulduğu nəqliyyat vasitələri də tribunanın önündən keçəcək.

Bundan başqa, müxtəlif nəqliyyat vasitələri üzərində Azərbaycan Ordusunun pilotsuz təyyarələri və onların mobil komanda-idarəetmə aparatları (Azərbaycan istehsalı) keçid edəcək. Paradda əsas diqqət cəlb edən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan zenit-raket kompleksləridir. 2008-ci ildəki paraddan fərqli olaraq bu dəfə HHMQ-nin “S” seriyalı raketləri (S-125 “Peçora”, S-200) sırasına S-300 PMU2 “Favorit” də əlavə olunub. Bununla da, Azərbaycan HHMQ öz imkanlarını ən son zenit-raket kompleksi hesabına daha da gücləndirmiş sayılır. Bu raket kompleksi Rusiyadan alınıb. Paradda “S-300” buraxılış qurğusu ilə yanaşı, onun idarəetmə maşınları da ardıcıl keçəcək.

Azərbaycan artilleriyası da paradda keçid edəcək. Artilleriya sırasına müxtəlif çaplı haubitsalarla yanaşı, BM-21 “Qrad”, İsrail istehsalı olan “Lynx LAR”, “Lynx Extra”, Ukraynadan alınmış “Toçka-U” taktiki raketləri, “Smerch” reaktiv yaylım atəş sistemləri, həmçinin müxtəlif markalı özüyeriyən artilleriya sistemləri daxildir.

Paradda ən maraqlı məqam isə Azərbaycan milli hərbi sənayesinin məhsullarının ilk dəfə nümayiş etdirilməsidir. Belə ki, paradda motosikletli hərbçilərin ardınca keçəcək “Land Rover” nəqliyyat vasitələrinin üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış İST-14.5 “İstiqlal” snayper tüfəngləri aparılacaq. Quru Qoşunlarının hərbi texnikaları sırasında isə ilk dəfə olaraq Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı transportyorlar keçid edəcək. Parada 6 ədəd “Marauder” və 6 ədəd “Matador” transportyoru çıxarılıb. Bu nəqliyyat vasitələrindən bir neçəsi yerli istehsal olan silahlarla silahlandırılıb.

Bundan başqa, Azərbaycan müəssisələrində modernləşdirilmiş 9 ədəd BTR və 3 ədəd BRDM tipli transportyor da keçid edəcək. Hərbi texnika keçidinə BMP markalı piyadaların döyüş maşınları, özüyeriyən haubitsalar və “T-72” tankları yekun vuracaq.

Eyni zamanda hərbi parada 40-dan artıq hərbi təyyarə və vertolyot cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277

Oxşar yazılar