“Bizim məqsədimiz seçki prosesində fəallığı təmin etməkdir”
15 oktyabr 2010 20:02 (UTC +04:00)

“Bizim məqsədimiz seçki prosesində fəallığı təmin etməkdir”

Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilər izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri, səfir Odri Qlover bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olub və baş direktor İsamyıl Ömərovla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə O. Qlover parlament seçkilərilə bağlı İctimai Teleradionun gördüyü işlərlə maraqlanıb.


Baş direktor İ.Ömərov bildirib ki, qanunvericiliyə əsasən Azərbaycanda seçki proseslərində əsas funksiya daşıyan media vasitəsi İctimai Televiziya və Radiodur. O bildirib ki, 5 illik fəaliyyəti dövründə İctimai Teleradio artıq ikinci dəfədir ki, parlament seçkilərini işıqlandıracaq. Bundan əvvəl isə teleradio bir prezident, bir referendum və bir bələdiyyə seçkiləri prosesində iştirak edib.

Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60 seçki dairəsindən çox namizədi qeydə alınan partiya və bloklara efir vaxtı ayrıldığını xatırladan İctimai Teleradionun rəhbəri hazırda bu kvotanı yalnız Yeni Azərbaycan Partiyasının doldurduğunu deyib: “Amma Mərkəzi Seçki Komissiyası ilə birgə belə qərara gəldik ki, seçki prosesində fəallığı təmin etmək üçün bütün namizədlərə bərabər efir vaxtı ayıraq. Beləliklə 118 seçki dairəsi üzrə namizədliyi qeydə alınan bütün şəxslərə İctimai Teleradioda pulsuz təşviqat vaxtı ayırdıq. İlk efir vaxtı isə oktyabrın 15-i saat 21:00-da başlayacaq”.

İ.Ömərov bildirib ki, deputatlığa namizədliyi qeydə alınanların sayı 700 nəfərdən çoxdur və hər bir dairə üzrə dəyirmi masa təşkil ediləcək. Hər gün dəyirmi masada təqribən 30 namizədin çıxışı nəzərdə tutulub. Namizədlərin hər birinə 4 dəqiqə vaxt verilir. Onlar qeydiyyata alınma ardıcıllığı ilə çıxış edəcəklər. Baş direktor onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi üzrə namizədlərə Naxçıvan Dövlət Televiziyasında pulsuz təşviqat üçün yer ayrılacaq.

İ.Ömərov xəbərlər proqramında bütün siyasi partiyalarla bağlı informasiyaların eyni formada və eyni vaxt çərçivəsində veriləcəyini də əlavə edib: “Burada birmənalı şəkildə pozitiv xəbərlər yer alacaq. Yəni hər hansı qüvvənin digərinə qarşı “qara-piar” aparmasına imkan verilməyəcək”.

Səfir Odri Qlover teleradionun tutduğu mövqeyi yüksək qiymətləndirib və seçki prosesindəki fəaliyyətində kollektivə uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar