Təbii pendir mayası : Faydaları və hazırlanılması
22 iyun 2021 04:12 (UTC +04:00)

Təbii pendir mayası: Faydaları və hazırlanılması

Təbii maya qoyun, keçi və buzovun birinci qat mədəsidir (buna xalq arasında qursaq deyirlər). Bu mədənin daxili qat-qat şəklində olur, bunu hər heyvan kəsiləndə görmək olar. Əgər heyvan nə qədər balacadırsa, onun qursağı bir o qədər təsirlidir, yəni daha çox südü mayalaya bilir.

Bəs, ümumiyyətlə, təbii maya nədir? Necə hazırlanır?

Lent.az xəbər verir ki, təbii pendir mayasının necə hazırlanması və üstünlükləri barədə həkim-fitoterapevt Fizuli Hüseynov məqalə yazıb. Məqalədə mayanın necə hazırlanmasından danışılır.

“Qursaq duzlanılır və havada qurudulur, sonra yuyulur, təmizlənir, 3 litrlik balonun yarısına qədər su töküb qursaq suya salınır, qursaq həmişə suda saxlanılmalıdır. 

Pendir mayalayanda 10 litr südün içinə 1-2 çay qaşığı bu sudan töküb südü mayalamaq olar (Belə də olar: 2 litr su götürüb içinə 1 ovuc arpa, 2 yemək qaşığı kəklikotu əlavə edin. 5 dəqiqə qaynadın, 30 dəqiqə sonra süzüb 1 ovuc noxud, 1 ovuc buğda, 2 yemək qaşığı bal tökün. Sonra qursağı əlavə edib saxlayın).

Hazırladığınız pendirin südü mütləq təbii olmalıdır, mağazadan alınmış südlə hazırlanan pendirin probiotiki, demək olar yox dərəcəsindədir”.

Fizuli Hüseynov qeyd edir ki, bu, təbii maya olduğuna görə, içində canlı mikroorqanizmlər var.

“Bu mikroorqanizmlər südün içində artıb çoxalır. Biz bu süddən hazırlanılmış pendiri yeyəndə həmin mikroorqanizmlər bağırsaq probiotikləri deyilən bakteriyaların əsasını qoymuş olur, yəni probiotiklərə çevrilir. Əgər bizim bağırsaqlarımızda lazımi sayda probiotik varsa, deməli, bizim immunitetimiz lazımi qaydada olacaq, sonda bizdə sistem, şiş xəstəlikləri, allergiyalar, virus və mikrob mənşəli xəstəliklər əhəmiyyətli dərəcədə azalacaq və ya olmayacaq. Çalışın çörəyi də, pendiri də özünüz evdə hazırlayın və təbii mayadan istifadə edin. Pendir hazırlayanda pendirin suyunu atmayın, pendir suyu xolesterini azaldır, arıqlamaq istəyənlər üçün mükəmməldir, təbii sakitləşdiricidir, pendir suyundakı zəngin amin turşular və zülallar həm idmançılar, həm də əzələ zəifliyi (iflic keçirmiş insanlar) üçün mükəmməldir, qaraciyər xəstəlikləri (hepatitlər və sirroz) üçün çox faydalıdır, qadınlarda hormonal pozğunluqlar üçün də faydalıdır. Pendir hazırlayanda süzülmüş pendir suyunu soyuducuya qoyun, gündə 1-2 stəkan ac qarına için”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10008
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar