Boşanmaq istəyən  arvadını öldürmüşdü : "Yalandan boynunu büküb dayanmağına baxmayın"
12 oktyabr 2026 14:14 (UTC +04:00)

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğunu bildirərək, təqsirləndirilən Firuz Qasımovun Binədə olduğunu deyib:

"Firuzun hər dəfəsində Güneli təhdid edib gün vermədiyini eşidəndən sonra onu söhbət etməyə çağırdım. Həyatına bir düzən verməsini söylədim. Mənə dedi ki, ev tutmuşam, ailəmi və uşaqlarımı başıma yığmaq istəyirəm. Söhbətimiz vaxtı böyük oğulları da yanımızda idi. Anamla gedib evə baxdıq, yaşanılası yer deyildi: 9 kv otaq, bərbad gündə olan mətbəx və hamam. Firuz burada müvəqqəti qalacaqlarını dedi. Mən də onlara kömək edəcəyimə söz verdim. Firuz bacımı həmişə döyürdü, hətta öz anasının hüzur yerində də yeməklə bağlı nəyi isə bəhanə edib bacımı döymüşdü. Böyük bacıma da hədə-qorxu gəlmişdi ki, "Kağızım var, mənə heç nə edə bilməyəcəklər, sizi öldürəcəm". Bunun (təqsirləndirilən F.Qasımova işarə edir) yalandan boynunu büküb belə dayanmağına baxmayın. İstəsə, işləyib daşdan pul çıxaran adamdır. Dövlət ona sosial yardım kimi 30 qoyun vermişdi dolanmaları üçün. Hadisə günü Bakıya gəlməzdən qabaq rayonda idarəyə yaxınlaşıb ki, "Mənim psixoloji problemim var". İstəyib ki, kağız alsın. Xəstəxanada da Firuzu geri göndərmişdilər ki, bu normal adamdır, heç bir psixoloji problemdən əziyyət çəkmir. Bacımın ölümünü gecə vaxtı idi, dəqiq də xatırlamıram. Ya böyük bacım, ya da qardaşım xəbər vermişdi".

Şahid A.Z bacısı Günelin Qasımov tərəfindən mütəmmadi olaraq şiddətə məruz qaldığını deyib:

"Özü bir yana, ailəliklə Günelə gün verməyiblər. O vaxt bacım uşaqlar kiçik olduğu üçün boşanmaq istəməmişdi. İllər keçdikcə bu adamın paranoyaklığı, vecsizliyi dəyişmədi. Hadisədən işdən qayıdanda qonşular xəbər verdilər. Bu həmin gün küçədə bacımı gözləyirmiş, yolda qarşısını kəsib. Öldürüb, oradaca divarın dibinə atıb. Həmin gün bacıma nə qədər zəng etmişdim, amma o, zənglərimə cavab vermirdi. Çörəkxanada işləyənlər də görüb ki, Firuz icazə vermədiyinə görə yazıq Günel qorxusundan telefonu açmayıb. Bacım boşanmaq istədiyinə görə o, bacımı öldürdü. Günel daim qorxu, təzyiq altında yaşayırdı. Bacımı vurandan sonra qaçmışdı. Hadisə yerində olan polislərə Firuzun telefon nömrəsini mən vermişdim".

Növbəti proses 2 noyabr saat 10:30-a təyin olunub.

Xatırladaq ki, hadisə bu il yanvarın 21-də Bakıda baş verib. 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 37 yaşlı Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib. Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə, hədə-qorxu gəlib. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, ailə son 10 il ərzində paytaxtda kirayədə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.

Onların birgə nikahdan iki yeniyetmə övladı var. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar