<span style="color:red;">Vüsalə Mahirqızı:  “...elə olsa, düşünərəm ki, APA-ya xəyanət etmişəm” - <span style="color:red;">MÜSAHİBƏ
16 noyabr 2017 11:18 (UTC +04:00)

Vüsalə Mahirqızı: “...elə olsa, düşünərəm ki, APA-ya xəyanət etmişəm” - MÜSAHİBƏ

 

 

Layihə: Vüsalə Məmmədova ilə “Özsüt”də “Qız-qıza”

 

Həyat kredom belədir – sevgi bitdisə, getməlisən! Ancaq sevmədiyin yerlər zülmətə çevrildiyindən çıxış yolunu da asan tapa bilmirsən. On il əvvəl ilk dəfə ixtisas dəyişməyim də mənim üçün qaranlıq dünyadan işığa çıxmaq idi. “Bacarmaram” tərəddüdlərinin içində çabalayanda bacım, telejurnalist Səadət Məmmədova “mən öyrədəcəyəm” deyərək, cəsarət verirdi. O zaman mənə sehrli “Sümurq quşu formulu”nu da bacım açıqladı:

 

- Əslində çox sadədir! Dara düşdün, nəyi necə yazacağını bilmədin, APA-nı aç! Yazdığın xəbəri oradakı xəbərlə tutuşdur, səhvlərini özün tap, düzəlt!

 

O gün bu gün, APA mənim üçün jurnalistikada dərs vəsaitinə çevrildi. Bu gün iki-üç aydan bir, yəni vaxt tapanda o qapıdan keçdiyimə görə qürur duyuram!

 

Ümumiyyətlə, APA Holdinqə gəlməyi sevirəm. Çünki girişdə adamı APA əfsanəsi Ramil Zeynalovun səmaya bir şəhidin gözü ilə baxırmışcasına çəkdiyi Azərbaycan bayrağının əksi qarşılayır. Hər səhər 200 insan bu bayrağın altından keçərək ölkənin xəbər yükünü çəkmək üçün iş masasına əyləşir. Gözəl bir günə başlamaq üçün mükəmməl görüntüdür! APA İnformasiya Agentliyinin 13 yaşının tamamında "APA Holding" prezidenti Vüsalə Mahirqızı ilə söhbətimizə də elə bu şəkillə başlayırıq:

 

- Mənim də çox xoşuma gəlir. Ramil Zeynalov o şəkli ötən il Dövlət Bayrağı Günü ərəfəsində çəkmişdi, çox möhtəşəm fotodur! Sonradan əməkdaşlarımız onu böyüdərək, əbədiləşdirməyi təklif etdilər. Yerini də çox yaxşı seçiblər, qürurverici bir şəkildir. Ümumiyyətlə, bizim fotoqraflar hamısı əjdahadır. Son illərdə gündəmin əksər şəkillərini APA Holdinqin fotoqrafları çəkirlər.

 

Uzaqdan ümumi planları işləyən fotoqrafımız Nicat Əlili tez yaxınlaşıb, obyektivini dəyişir. Guya portretləri işləməyə başlayır. Amma bilirəm axı, kişiləri (bu, hətta rəhbər-işçi münasibətlərində olsa belə) üzlərinə qarşı tərifləyəndə adamı tez peşman edirlər. Həmən mövzunu dəyişirəm:

 

- Həyat yoldaşınız Lent.az, Kulis.az və digər saytlar haqqında çox böyük maraqla danışır. Amma söhbət APA-dan düşəndə çox qısqanc ərə çevrilir – “Vüsalə bayram-bazar demədən bütün günü APA-nın qarşısındadır” deyir!

 

- (Gülür) Qızım da elədir...

 

- Qısası, bütün doğmalarınızın APA adlı bir rəqibi var...

 

- Onlar da haqlıdır, hər bir ailə istəyər ki, evin xanımı ilə bir az çox vaxt keçirsin. Amma anlayışlıdırlar, jurnalistikanı sevirlər.

 

Söhbətə qızı Saranın təhsili və düşüncələri ilə davam edirik. Nicat yenidən obyektivini dəyişib, qonşu masaya əyləşərək, oradan işləməyə başlayır. Kişilər anlamaz, qadının başlıca problemindən danışırıq – zamanın idarəedilməsi!

 

- Demirəm ki, nəyisə kənara qoymuşam, amma sıxışdıraraq. Bütün vaxtlar da işin lehinə sıxışdırılır. Amma mən bunu doğru hesab etmirəm və başqalarının belə olmasını istəmərəm. İnsan həyatında hər şeyə vaxt ayırmalıdır. Yaşanması mümkün olan hər şey insan üçündür, təbii ki, çərçivədən çıxmamaqla insan onların hamısını yaşamalıdır.

 

- Və 24 saata sığdırmalıdır.

 

- Ən azı bir həyata sığdırıb yaşamalıdır.

 

- Artıq iyirmi ildir ki, xəbər sahəsindəsiniz. İnformasiya elədir ki, bəzən lazım olduğundan çox məlumat almalı olursunuz. Buna görə də heç vaxt sadəlövh qız görkəminiz olmayıb. Həmişə bilən qadın olmusunuz. Bilən, məlumatlı qadın isə heç vaxt sevilən və arzulanan olmur.

 

- Böyük əksəriyyəti hə...

 

- Sevgi kəmliyi yaşadığınız məqamlar olub?

 

Nicat tez obyektivi dəyişib, yaxın planları işləməyə başlayır.

 

- O sahədə özümə xoşbəxt qadın deyə bilərəm. Söhbət tək kişi sevgisindən getmir, o da var, yerindədir, amma ümumiyyətlə, şükür ki, ətrafımda heç vaxt sevgi problemi yaşamamışam. Biz uşaqlıqdan ailədə sevgi içində böyüdülmüşük. Ata-anamızın böyük pulları, lüks şəraitləri olmayıb. Amma bir-birlərini çox sevib, dəyər veriblər və bizə həmişə bunu hiss etdiriblər. Nəslin də ilk nəvəsi olduğumdan həm övlad, həm də nəvə olaraq sevgini hiss etmişəm.

 

- Bəs dost necə? Cəmiyyətdə uğurlu qadının sevməyəni daha çox olur...

 

- Çox dostum olmasa da, çoxillik dostlarım var. Razıyam, kişilər yanlarında ağıllı qadını sevməzlər. İnformasiyanın içində olan, adamları bir hərəkətindən, bir sözündən başa düşən qadınlar o qədər də sevilmirlər. “Nə danışırsan” deyib təəccüblənən qadınlar daha arzulanan və sevilən olurlar. İnsanlar qarşılarındakını təəccübləndirməyi sevirlər, məni isə heç 10 il əvvəl də təəccübləndirmək mümkün deyildi.

 

- İnformasiya ilə məşğul olan adam təəccüblənirsə, zatən səmimi deyil.

 

- Biz bildiklərimizin yalnız 10 faizini yazırıq və əlimizdə olan informasiyalar insanları təhlil etməyə, onların psixologiyalarını ortaya qoymağa imkan yaradır. Ona görə də bəlağətli sözlər deyən, dəhşətli dərəcədə böyük ideallardan status yazanlara bəzən gülməyim tutur.

 

- Günümüzdə insanı böyük ideallardan bəhs edən statuslarla ağıllı görünmə cəhdləri qədər ifşa edən ikinci bir şey yoxdur...

 

- Buna görə içimdən sadəcə acı bir gülüş keçir. Onların haqlarında danışdıqları böyük idealları sənin üçün gülməlidir və bu adamlar bilirlər ki, əslində belə deyil. Hamını, bəzən lap özlərini də aldadırlar. Sən görkəmindən güclü dayanmış adamın içəridən sınıq-sınıq olduğunu görə bilirsən və o adamlar sənə nifrət edirlər ki, sən niyə bunu bilirsən? Sındığına görə yox, məhz onun həqiqi simasını tanıdığına görə sənə nifrət edirlər.

 

- O adamların sevgisinə ehtiyac varmı?

 

- Hər kəsin fikrinə önəm verdiyi insanlardan ibarət siyahısı olur. Mənim də 10-15 nəfərlik bir siyahım var ki, onlardan birinin sevgisinin əskikliyinə pis olaram. Ümumiyyətlə isə cəmiyyətdə hamının məni sevəcəyi kimi bir şey yoxdur. Adamlar var, açıq şəkildə “mən ona nifrət edirəm” deyirlər. Haqlarıdır, qoy etsinlər! Bizim işimiz belədir. Bir dəfə bir nəfər mənə dedi ki, bilirsiniz, bu axı insan haqqı məsələsidir... Dedim ki, mən hüquq müdafiəçisi deyiləm, şirkət rəhbəriyəm. Media rəhbəri strateji vəzifədir. Sən daha çox dövləti və cəmiyyəti qorumağa məcbursan və ayrı-ayrı insan mənafelərini qorumaq bəzən media rəhbəri üçün çətin olur.

 

Mövzu nə olur olsun, iki qadın üz-üzə oturubsa, söhbət mütləq ən azı bir kişidən getməlidir. Diktofona qulaq asanda görürəm ki, biz də heç bu qaydaları pozmamışıq!

 

- Bir neçə dəfə çətinə düşəndə məsləhətləşmək üçün Nurşən müəllimi yığmışam. Telefonu açar-açmaz ötürdüyü müsbət enerji ilə ağla azı 3 çözüm yolu gəlib. Məsləhət də istəyəndə elə rahatlıqla tövsiyə verir ki, sən özün də problemin çox ciddi olmadığına inanırsan. Adamın hər durumda əcaib bir hüzur yaratmaq məharəti var. Bilmirəm, bu, informasiya axınının qarşısında çalışmasından irəli gəlir, yoxsa müharibə adamı olmasından...

 

- Yəqin ki, hamısının rolu var. Adamlar üçün ailədə gördükləri təməl tərbiyə və onlara nüfuz edən insanların yaratdığı aura çox önəmlidir. İllərlə insanlar üzərində apardığım çoxminli müşahidələrim hər dəfə bu qənaətimi təsdiqləyir ki, bu iki vacib amil müsbət olanda o insan həyata bir sıfır qabaqda başlayır və bu uğur onu bütün həyatı boyu əhatə edir. Mən Nurşən Quliyevin valideynlərini tanıyıram və hesab edirəm ki, onda ailəsindən gələn bir ağayanalıq və təmkin var. Biz artıq 20 ildir dostuq və hər situasiyada eyni ilə mənim də sözünə güvəndiyim adam o olub. Ən əsəbi vaxtlarımda həmişə Nurşəni çağırıram. O, heç vaxt yanğının üstünə körüklə getmir, çox sakitcə “haqlısan, amma tələsməyək, əsəblərin soyusun, məsələyə bir də başqa tərəfdən baxaq”, - deyir.

 

- Özü də elə arxayın deyir ki, elə bil həqiqətən heç nə olmayıb!

 

- Çox arxayın şəkildə, heç bir şey olmayıb kimi! Mənim bir müsbət xüsusiyyətim var ki, nə qədər çılğın situasiya olsa da, Nurşən dayan deyirsə, dayanıram. Üstündən bir az keçəndən sonra da çox müsbət nəticələrini görürəm. Şirkətin ikinci adamı birinci ilə kollektiv arasında həm maneədir, həm körpü. Nurşən harada maneə, harada isə körpü rolunu oynamağı çox yaxşı bacarır. Dözümlü, tolerant və sakit adamdır. Bütün bunlarla yanaşı, ən möhtəşəm xüsusiyyəti isə çox vicdanlı olmasıdır. Bir dəfə əməkdaşlardan kiməsə əsəbiləşmişdi, iclasda bir söz dedi və mən illərdir o sözü təkrar edirəm. “Mən müharibədə əsir düşə bilərəm, erməni üçün səngər qazaram, amma onu da vicdanla qazaram. Çünki bu, mənə tapşırılmış işdir. Tapşırılan işi vicdanla görməlisən ”.

 

- Mənə görə APA-nın ən böyük nailiyyətlərindən biri Nurşən müəllimdir.

 

- Əlbəttə! Amma onu da deyim ki, APA-da olan hər kəsin – hər redaktorun, müxbirin, reportyorun, fotoqrafın özünə görə rəngi var. Əslində APA gördüyü işin müqabilində çox məhdud heyətlə işləyir və biz bu heyəti böyütməyi düşünmürük. Çünki burada hamının vəzifə bölgüsü var və bu heyətdə hamı öz yükünü çəkə bilir.

 

Diktofona nə qədər diqqətlə qulaq asmağa çalışsam da, Nicatın fotokamerasının çaqqıltısından səsimizi güclə eşidirəm – Çakkaçak! Çakkaçak! Çakkaçak! Yazıya keçməyəcək məqamlar belə qulaqdan yayınmasın deyə çox məharətlə işləyir. Bəs nə, bu APA-çılar Lent.az üçün çalışanda da xəbər adamıdılar. Nə müxbirindən, nə də fotoqrafından kəlmə də qaçmaz!

 

- Yəqin, bir çox şirkətlər üçün möcüzə olar ki, APA-nın mərkəzi ofisində illərdir cəmi 13 müxbir işləyir. Düzdür, bölgə müxbirlərimiz, stringerlərimiz var, amma şirkətin mərkəzi ofisində gündüz bölməsində cəmi 13 nəfər işləyir.

 

- 13 il, 13 müxbir... nəhs deyil?

 

- Bilmirəm, belə alınıb və illərdir də davam edir. Bəzən Nurşənlə bunu artırmaq barədə düşünmüşük və o deyib ki, bu say mənə yetir. Əsas olanı 13 nəfəri doğru tapmaqdır.

 

- Redaksiyada dəfələrlə olmuşam və elə bilmişəm əməkdaşların yarısı tədbirdədir...

 

Bu yerdə Nicat çaqqıltını dayandırıb, tərs-tərs üzümə baxır. Başını bulayıb, yenə qonşu masadakı yerinə qayıdır.

 

- Ağlıma da gəlməyib ki, ölkənin böyük hissəsini cəmi 13 nəfər informasiya ilə təmin edir...

 

- Bu 13 nəfər gün ərzində Azərbaycan dilində 200-300 xəbər hazırlayır. APA-ya gələndə də görürsünüz, dəhlizdə səslərini də eşitmək mümkün deyil. Düşünürəm ki, adamların doğru və spesifik seçilməsi həm də Nurşənin uğurudur. Ümumiyyətlə, sistem qurulanda adamların dəyişməsi problem yaratmır. Birini dəyişib yerinə başqasını qoymaq olur, əsas odur ki, sütunlar sağlam olsun.

 

Nicat bir APA-çı olaraq mənə elə münasibət sərgiləyir ki, sanki agentliyin bütün xəbərlərini təkbaşına yazır, fotoları da özü çəkir. Yox e, bu gənci mövzudan uzaqlaşdırmaq lazımdır. APA-dan çox danışdıq, qadın mövzularına qayıdaq, deyərək, günün necə başladığını soruşuram:

 

- Hər səhər günə APA-nı açmaqla başlayıram!

 

Nicat xoşbəxtdir, masadakı qab-qaşığı kənara çəkib, daha yaxından işləməyə başlayır.

 

- Evdə ona görə APA-ya qısqanırlar də...

 

- (Gülür) Tək evdə yox, o biri saytlarımız da “bizə ögey ana kimi baxırsan” deyirlər. Bir neçə səbəb var – mən APA-nı ən etibarlı xəbər mənbəyi kimi açıram. İşlədiyini görmək xoşbəxtlik gətirir – APA işləyirsə, hər şey yaxşıdır! Və ən önəmlisi, hətta şəxsi Facebook hesabımı belə APA-dan öncə açmış olsam, düşünərəm ki, APA-ya xəyanət etmişəm. APA-nın mənim üçün başqa yeri var. Bizim APA Sport, APA Economics, APA TV kimi digər brendlərimiz də var və onlar şouya meyl edəndə mən tələb edirəm ki, siz APA-nın adını daşıyırsınız, zəhmət çəkin, Lent.az qədər sərbəst olmayın.

 

Pah! Bu yerdə Nicatın baxışlarını özünüz görməliydiniz! Adaşım fikrini təbəssümlə bitirsə də, Nicat baxışları ilə müdirinin yerinə cümləyə nida işarəsi qoyur.

 

- Aydındır! Demək ki, APA-ya özünüzə libas seçərkən olduğunuz qədər həssas yanaşırsınız.

 

- Mən APA adındakı məsuliyyəti saxlamaq istəyirəm. Bəlkə də bu kimlər üçünsə mənim eqoistliyim kimi yozula bilər, amma APA ölkənin informasiya brendidir və etibarlı brenddir. Bu brendin yaradılmasında bizimlə yanaşı bizə dəstək verən insanların, Azərbaycan dövlətinin, dövlətin informasiya işi ilə məşğul olan şəxslərinin hər birinin əməyi var. Biz bu işin fəhləsi olmuşuq, amma ümumilikdə bu brendin yaranmasını dövlət və cəmiyyət istəyib. Tərəfdaşlarımız bizi etibarlı mənbə kimi qəbul edib. Bu brendin yaranması üçün 13 illik zəhmət sərf olunub. Azərbaycan mediasının 30 faizi, bəlkə də daha çoxunun yolu bu və ya digər formada APA-dan gəlib keçib. APA strateji məqamda dünya mediasının istinad etdiyi iki-üç informasiya brendindən biridir və ən çox istinad olunanıdır. Bu nüfuzlu və etibarlı brend artıq yaradılıb və indi mənim öhdəliyim onun qorunmasıdır. Bizim heç birimizin APA adının dayandığı şkalanı düşürməyə haqqımız yoxdur. Sizə deyim ki, özümə olan titizliyimin də böyük əksəriyyəti elə ona görədir. Qadın olaraq mən də al-əlvan görünmək, müəyyən məqamlarda sərbəst olmaq istəyirəm. Amma dünyanın hər yerində bu belədir ki, informasiya brendlərinin ciddi siması olur.

 

- İnformasiya brendinin siması çox önəmlidir! Brendin nüfuzunu o simanın ciddiyəti, kimliyi, ictimai nüfuzu müəyyən edir.

 

- İstənilən media qurumu özünün ulduzları və onların bioqrafiyaları ilə tanınır. Mediaya yanaşma o şəxsiyyətin möhkəmliyi ilə ölçülür. Dünyanın hər yerində brendin ölçü vahidi belədir. Media şirkətinin rəhbərinin daima şəxsiyyətini bütöv saxlamağa ehtiyacı var. Məsuliyyət böyükdür. Hesab edərəm ki, bu imici məhv etmək işinə də, cəmiyyətə də xəyanətdir. Mənim üçün nüfuzdan ciddi kapital yoxdur və onu xərcləmərəm!

 

Onu çox gözəl anlayıram və dediklərindəki həqiqəti qəbul edirəm. Amma nə gizlədim, Nicatın baxışları artıq çəkilməzdir! Yəqin fikir verdiniz, 3 abzasdır ki, heç onun haqqında yazmıram. Gözlüyümü çıxartmışdım ki, reaksiyalarını dəqiqliyi ilə görməyim. Lakin Nicata inad, digər saytlar haqqında müsbət fikir almalıyam! Elə birbaşa da belə soruşdum:

 

- Digər saytları oxumursunuz?

 

- Evə saat neçədə getməyimdən asılı olmayaraq gündə iki saat oxuyuram. Bu qayda məni formada saxlayan yeganə üsuldur. Onda əvvəlcə “Kulis”i oxuyuram, sonra isə kitab...

 

- Səhər APA, gecə Kulis... Haqsızlıqdır, bəs Lent.az?

 

- (Gülür) Sizin layihələri oxuyuram. Gün ərzində müəyyən vaxtlar var ki, Lent.az, Vesti.azAPA TV-yə baxıram. Media qurumunun hədəfi cəmiyyətin fərqli maraq qruplarının istədiyini vermək olmalıdır. Bizim saytlar da belədir. Mənim maraq dairəm informasiya, hobbim isə ədəbiyyatdır. Ona görə də APA-nı və Kulisi oxuyuram. Amma Lent.az-da yayımlanan layihələri oxuyuram. Sizin “Əsir düşərgəsi”, Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri”, Səbuhi Məmmədlinin ayrı-ayrı ezamiyyə layihələri nəinki Lent.az üçün, Azərbaycan media tarixi üçün qiymətli əsərlər, araşdırmalardır. Hesab edirəm ki, gələcəkdə Dağlıq Qarabağla bağlı məsələlərin araşdırılması zamanı onlar çox yaxşı sənədlər olacaqlar. Bu baxımdan, Lent.az-ın xidmətləri kifayət qədərdir və fəaliyyəti rənglidir.

 

Söhbət uzanıb yenə APA-nın üzərinə qayıdacağını bildiyimdən və Nicatın acığına burada sağollaşıram. Düşünürəm ki, daha Lent.az-ı təriflətmişik, ürəklə APA-nı təbrik etmək olar!

 

Lent.az kollektivi adından 13 ildir 13 nəfərlə möcüzə yarardan APA-çıları ürəkdən təbrik edirik! Sizi sevirik, dostlar!

 

P.S. Nicat imkan vermədi deyə bu “Qızqıza”nı hesaba almırıq. Lent.az-ın 10 yaşı münasibəti ilə ayrıca “Qızqıza”mız olacaq! Sevgilərlə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5323
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar