Demək olar ki, hər kəs soyuq kərə yağının çörəyin üzərinə rahat yayılmaq əvəzinə onun parçalandığı vəziyyətlə qarşılaşıb. Elə buna görə də bir çox insan yağı həmişə yumşaq və istifadəyə hazır olması üçün mətbəx masasının üzərində saxlayır. Bəs bu, həqiqətən təhlükəsizdirmi?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bir sıra vacib məqamalara diqqət yetirmək şərti ilə kərə yağını otaq temperaturunda saxlamağın mümkünlüyünü bildiriblər. Bunun üçün ən uyğun seçim duzlu kərə yağı hesab olunur. Çünki duz təbii konservant rolunu oynayır və məhsulun daha uzun müddət təzə qalmasına kömək edir. Evdə temperatur təxminən 21°C-dən yuxarı deyilsə, belə yağ bir neçə gün ərzində təhlükəsiz şəkildə masa üzərində saxlanıla bilər.
Duzsuz kərə yağını isə soyuducuda saxlamaq daha məqsədəuyğundur, çünki duz olmadığı üçün o daha tez xarab olur. Mütəxəssislər həmçinin masa üzərində çox böyük miqdarda yağ saxlamağı tövsiyə etmirlər. İdeal variant məhsulu iki gün ərzində istifadə edə biləcəyiniz qədər saxlamaqdır.
Yağın dadını itirməməsi və yad qoxuları özünə çəkməməsi üçün onu xüsusi yağ qabında yaxud işıq və havadan qorunan hermetik konteynerdə saxlamaq tövsiyə olunur. İsti havalarda və ya mənzildə temperatur yüksək olduqda isə yağı yenidən soyuducuya qoymaq daha yaxşıdır.