Özəl telekanallardan Eldar Mansurova cavab gəldi
23 iyun 2009 19:00 (UTC +04:00)

Özəl telekanallardan Eldar Mansurova cavab gəldi

“Mahnıların bərbad olmasına məsuliyyət daşıyan bəstəkardır, müğənnidir, vəssalam”

Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclasında telekanallarin ünvanına müəyyən fikirlər səsləndirib. O, özəl telekanalların yaranmasından sonra mahnı janrını bərbad hala düşdüyünü iddia edib. Katib bu vəziyyəti normallaşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar İttifaqına müəyyən səlahiyyətlər verilməsinin vacibliyini deyib: “Baxmayaraq ki, mahnı janrı digərlərindən çox irəli gedib, lakin ən ağır vəziyyət də elə mahnı janrındadır. Biz bir dəfə bununla bağlı yığıncaq keçirdik, özəl telekanallara müraciətlər göndərdik. Nazirliklə birlikdə bədii şura yaratmalıyıq. Lakin bu gün bədii şuraların əleyhinə olanlar da çoxdur”.

Lent.az iddialarla bağlı özəl telekanalların rəhbərliklərinə müraciət edib və səslənən fikirlərlə bağlı münasibət öyrənib.

ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev Lent.az-a açıqlamasında iddiaların ANS-lə bağlı olmadığına əminlilyini ifadə edib: “Bizdə bütün departamentlərə rəhbərlik edənlər professional mütəxəssislərdir. Biz “Marş” verilişinə görə departamentə hərbçi, “Futbol” verilişinə görə futbolçu rəhbər təyin etməli deyilik. Ümimiyyətlə, bizim şirkətdə musiqi departamenti yoxdur. Prodüser departamenti fəaliyyət göstərir, o da çoxşaxəlidir. Burada musiqidən başı çıxan adamlar var, təbii ki, onlara da baş prodüser olaraq işini bilən adam rəhbərlik edir. Əgər Eldar müəllim konkret olaraq ANS telekanalının adını çəksəydi, onda biz də konkret olaraq ANS-lə bağlı suallara cavab verə bilərdik”.

Azad Azərbaycan televiziyasının bədii rəhbəri Elçin Əlibəyli telekanalın belə bir təklifə məna verməkdə çətinlik çəkdiyini bildirib: “Bizdə ümumiyyətlə, departament yoxdur. ATV başqa sistemlə işləyir. Mahnıların bərbad olmasına məsuliyyət daşıyan bəstəkardır, müğənnidir, vəssalam. Bunun ayrı izahı yoxdur. Biz demokratik cəmiyyətdə yaşayırıq, bizdə senzura sistemi yoxdur. Eldar müəllimin açıqlamasına məna verə bilmirik”.

“Xəzər” radiosunun rəhbəri Səxavət Nur bəstəkar Eldar Mansurovun fikirlərinin sırf “Xəzər” telekanalına şamil olunduğunu güman etmədiklərini deyib: “Eldar müəllimin fikirlərinin müəyyən qismi ilə raziyam, senzura olmalıdır. O ki qaldı Xəzər televiziyasının fəaliyyətinə, televiziya məhdud sayda musiqili verilişlər təqdim edir, radioda isə musiqi mədəniyyətinin təbliği ilə bağlı bir çox rubrikalar təqdim olunur. Buna görə də səslənən fikirlərin Xəzər televiziyasına aid olmadığını güman edirik”.

“Lider” telekanalının baş prodüseri Murad Dadaşov munasibət bildirəcəklərini vəd etsə də, sonra Lent.az-ın telefonunu cavabsız qoydu.

“Space” Teleradio Şirkətinin icraçı direktoru Kamil Şahverdiyevdən münasibət öyrənmək istəsək də, cəhdimiz alınmadı.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar