Muğam Festivalına YUNESKO-nun prezidenti də qatılacaq
07 mart 2009 12:30 (UTC +04:00)

Muğam Festivalına YUNESKO-nun prezidenti də qatılacaq

Münsiflər heyətinə 5 ölkədən 7 nümayəndə daxil olacaq

Respublika Muğam müsabiqəsinin münsiflər heyətində ölkənin ən tanınmış muğam ifaçıları təmsil olunur. Onların arasında Əlibaba Məmmədov, Arif Babayev də var. Həm müsabiqənin qaliblərinə, həm də münsiflər heyətinə pul mükafatları veriləcək. Bu vəsaitləri isə əsasən Heydər Əliyev Fondu və qismən Təhsil Nazirliyi ödəyəcək.

Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov martın 7-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, Beynəlxalq Muğam Festivalı martın 18-dən 25-dək davam edəcək. Tədbirə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş xarici qonaqlar Azərbaycanın müxtəlif mədəniyyət tədbirlərində iştirak edəcəklər.

Nazir qeyd edib ki, 7 günlük Beynəlxalq Muğam Festivalının dəqiq vaxtı və yeri də artıq müəyyənləşdirilib. Festivalın ilk günü saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, martın 19-da saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında, martın 20-də saat 18.00-da Beynəlxalq Muğam Mərkəzində, martın 21-də saat 17.00-da Beynəlxalq Muğam Mərkəzində və saat 21.00-da Caz Mərkəzində, martın 22-də saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və saat 18.00-da Beynqəlxalq Muğam Mərkəzində, martın 23-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında, saat 18.00-da Beynəlxalq Muğam Mərkəzində, saat 21.00-da Caz Mərkəzində, martın 24-də saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 18.00-da Beynəlxalq Muğam Mərkəzində, 25-də saat 14.00-da Beynəlxalq Muğam Mərkəzində və nəhayət, saat 18.00-da Heydər Əliyev adına Sarayda keçiriləcək.

“Biz bu 7 gün ərzində Azərbaycan muğamının 7 dəsgahının 7-sini də həm özümüzünkülərə, həm də çoxsaylı xarici qonaqlara canlı olaraq təqdim edəcəyik. Bu, həm də Azərbaycanı və onun xalq musiqisini beynəlxalq səviyyədə tanıtmaq istiqamətində atılan addım olacaq” - deyə, Misir Mərdanov bildirib.

Misir Mərdanov onu da əlavə edib ki, festival çərçivəsində Bakıda xarici qonaqların iştirakı ilə beynəlxalq simpozium da keçiriləcək. Tədbirdə dünyanın ən məşhur muğam ifaçıları ilə yanaşı şərq musiqisi ilə maraqlanan alimlər də iştirak edəcək. Muğama həsr olunmuş elmi-praktik konfransda Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, İtaliyadan olan, İraqdan, İrandan, Suriyadan, Çindən, Mərakeşdən, Türkiyədən, Ərəb ölkələrindən, Orta Asiya respublikalarından alimlərin çıxışı gözlənilir. Bundan başqa, dünyada muğam ifaçıları kimi tanınmış məşhur incəsənət xadimləri də bu tədbirlərdə iştirak edəcək.

Beynəlxalq Muğam Festivalının münsiflər heyətinə isə Siyavuş Kərimi, Arif Babayev, Ramiz Zöhrabov, YUNESKO-dan Jan Yure, Türkiyədən Fikrət Karaqaya, Almaniyadan Mixail Dreyev, Niderlanddan Vip Van Zanten daxildir. Martın 18-də festivalın rəsmi açılışında isə YUNESKO-nun prezidenti şəxsən iştirak edəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1561

Oxşar yazılar