Xalq artisti, Musiqili Teatrın aparıcı aktrisası Fatma Mahmudova xəstəliyi ilə əlaqədar Türkiyəyə yola düşəcək.
Lent.az-ın xəbərinə görə, aktrisa bu haqda milli.az-a müsahibəsində deyib:
"İyulun 8-də, inşallah, qızım Nigarla birlikdə Türkiyəyə yola düşürəm. Bir neçə ay öncə əməliyyat olunmuşam, indi isə müayinəyə gedirəm. Bütün bunların hamısı pul tələb edir, Nigarla gedib-gəlməyim 1400 AZN-ə başa gəlir. Əməliyyatım o qədər baha başa gəldi ki, hələ də onun xərcindən çıxa bilməmişəm. Bankdan pul götürmüşəm, hələ də ödəyə bilmirəm. Heç bir dostum mənə kömək etməyib, yalandan deyə bilmərəm. Göydə Allah, yerdə tamaşaçıların duaları məni saxlayıb. Maddi imkanım az olduğu üçün bu yay xaricə istirahətə də gedə bilməyəcəyəm. Azərbaycanın gözəl bölgələrində istirahət etməklə kifayətlənəcəyəm", - deyə aktrisa bildirib.
Xalq artisti bu gün həyatda yaşamasına səbəb olan "Bacanaqlar" serialından da danışıb: "Siz bilin ki, aktrisa filmə, seriala çəkilməsə, yaşaya bilməz. Mən 10 il efirdən uzaq düşdüm. Bugünkü həyatda yaşama səbəbim "Bacanaqlar" serialıdır. Mən Elməddinə həmişə təşəkkür edirəm ki, məni bu rola dəvət edib. Elməddin məni bu serial vasitəsilə yenidən həyata qaytardı. Allah bu orucuq günündə onun balalarını, ailəsini qorusun".