Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasına təhvil verib.
O, mətbuata açıqlamasında iki günə 10 050 imza topladığını demişdi.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahan 550 imza toplayıb: “Sənədləri yoxlanılıb. Və Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və 550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb”.
S.Təhməzov qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının işçi qurupu tərəfindən yoxlanır: “Sənədlərə baxılır. İşçi qurupu sonda nə qərar verəcək, onu deyə bilmərəm”.
***
11:21
Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil verib. Lent.az-ın məlumatına görə, bu açıqlamanı Cebhe.info-ya müğənni özü verib. O, imzatoplama komissiyasının çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib. Ona görə də Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10 050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm?! Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.
Qeyd edək ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılan Elza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürüb.