"Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək".
"APA-Economics"in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib.
N. Əmirov bildirib ki, dünyada ən doğru vergiyə cəlb olunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergilərdir: "Yəni, hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır. Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın. Bizim şou-biznes nümayəndələri ilə söhbətlərimiz olur. Onlar deyir ki, konsertdən 10 min manat vəsait qazandım, amma onun 12 min manatını dekorasiyaya xərclədim ki, piar edim və toy sifarişlərimi artırım. Xərclər olmadığına görə, əhəmiyyətli olaraq bu vergilərin gəlirlər üzərindən hesablanmasını edə bilmirik. Biz kütləvi şəkildə vergilərin hesablanmasına başlasaq, sual yaranacaq ki, niyə kiməsə vergi çoxdur, kiməsə az".
Nazir müavini əlavə edib ki, şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq: "Ola bilər ki, yeni mexanizm hər bir şou-biznes nümayəndəsi ilə münasibətdə ədalətli olmaz. Lakin ən azından şəffaf olacaq".