Oğlunun toyunda bıçağı kürəkəninin boynuna sancdı - QANDONDURAN QƏTLİN TƏFƏRRÜATI
22 iyul 2022 20:15 (UTC +04:00)

Oğlunun toyunda bıçağı kürəkəninin boynuna sancdı - QANDONDURAN QƏTLİN TƏFƏRRÜATI

CİNAYƏT İŞİ 

Qısa arayış...

 

2021-ci il martın 14-də Daxili İşlər Nazirliyinin 102 xidmətindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə inzibati ərazidə qətl hadisəsi baş verməsi barədə məlumat verilib. Məlum olub ki, cinayət Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 19, mənzil 20-də törədilib. Prokurorluq əməkdaşları məhkəmə-tibb eksperti ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
 
Hadisə yerindən bir ədəd bıçaq, qan ləkələrindən nümunələr götürülüb.
 
Binəqədi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Taleh Mirzəyevin (1981-ci il təvəllüdlü) ölümünə - sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşaiyət olunan kəskin qanitirmə səbəb olub.
 
Mehdi Abdullayev 1964-cü ildə Ağcabədi rayonunda anadan olub, Rusiya vətəndaşıdır, əvvəllər məhkum olunmayıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:
 
İstintaqla müəyyən edilib ki, martın 14-ü saat 17 radələrində Mehdi Abdullayev oğlu Nəriman Abdullayevin evlənməsi münasibəti ilə ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə məclis təşkil edib. Kürəkəni Taleh Mirzəyevin öz evlərinə getməsi ilə bağlı hamilə vəziyyətdə olan  həyat yoldaşı Günay Mirzəyevanın evlərinə qayıtmasını tələb edərək, uca səslə onunla mübahisə edib. Mehdi Abdullayev məclis iştirakçılarının bundan narahat olduqlarını görüb Taleh Mirzəyevi kənara çəkərək, etdiyi hərəkətlərin düzgün olmadığını, qonaqlardan ayıb olduğunu deyərək onu sakitləşdirməyə çalışıb. Taleh saat 20 radələrində yenə də öz hərəkətlərindən əl çəkməyib qızının, həmçinin də digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bunu görən Mehdi əsəbiləşib. Dəhlizdə Taleh Mirzəyevə yaxınlaşaraq, arxadan bıçaqla onun boyun nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində Taleh dünyasını dəyişib.


 


İş üzrə dindirilmiş Mehdi Abdullayev bildirib ki, 1987-ci ildə ailə həyatı qurub, nikahdan 2 qızı və 1 oğlu dünyaya gəlib. 2009-cu ildə Moskva şəhərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, 2 ildən sonra həmin iş üzrə məhkəmənin hökmü ilə bəraət alıb. 2019-cu ildə Moskvadan Bakıya gəlib, “COVID-19” pandemiyası ilə əlaqədar geri qayıda bilməyib. Onun sözlərinə görə, böyük qızı Günay Taleh Mirzəyevlə evli olub: 

“Taksi fəaliyyəti ilə məşğul olan kürəkən mütəmadi olaraq spirtli içki qəbul edirdi. Onların münasibəti əvvəllər yaxşı olub, amma sonradan Taleh telefonda başqa qızla danışmasına görə aramızda narazılıq yaranıb. Günlərin bir günü Taleh mənə zəng elədi ki, “gəl qızını apar, səhərə qalsa, diri qalmayacaq, onu öldürəcəm”, dedi. Oğlumla kürəkənin yaşadığı evə getdik. Mübahisə zamanı Taleh yumruq zərbəsi ilə məni vuraraq yerə yıxdı. Oğlum yeznəsini vurmaq istəsə də, qızım araya girib, bunun qarşısını aldı”. 

Qeyd edək ki, Taleh Günayı ölümlə hədələməsinə görə aralarında baş vermiş münaqişə ilə bağlı Nərimanov RPİ İŞ-də araşdırma aparılıb və 2019-cu il sentyabrın 7-də cinayət təqibinin başlanılması rədd edilib.


 
Mehdi Abdullayev bildirib ki, axırıncı dəfə Taleh Günayı hamilə vəziyyətdə döydüyünə görə qızı 2021-ci ilin əvvəllərində onların yaşadıqları evə gəlib: 

“Günay boşanmaq qərarına gəlmişdi. Oğlumun toyu ilə əlaqədar martın 14-də evdə 16 nəfərdən ibarət yığıncaq təşkil etmişdik. 4-5 gün əvvəl Talehin atasına zəng edib qonaq dəvət etsəm də, o gəlmədi. Günay Talehin “COVID-19” virusuna yoluxduğuna görə, yığıncağa gəlməyəcəyini söylədi. Amma gözlənilmədən saat 18 radələrində kürəkənim əlində gül dəstəsi bizə gəldi. Evlənən cütlüyü təbrik edib, kişilər əyləşən otağa keçdi. Bir saatdan sonra Talehin dəhlizdə yüksək səslə yoldaşının üstünə qışqırmasını eşitdim. Yaxınlaşıb kürəkənə «səsiniz aləmi götürüb, keçin içəridə danışın» dedim. Evində xeyir iş olmasını söyləyərək, qızımla  mübahisə yaratmamasını xahiş etdim. Lakin Taleh israrla Günayın mütləq öz evlərinə getməli olduğunu bildirdi. Mətbəxə keçib, qadınları sakitləşdirib, onlara otaqlarına keçmələrini dedim. Sonra bıçaq götürüb, qonaq otağına qayıtdım. Oğlumun xeyir işinin qanla bitməsini istəməsəm də, kürəkən mənə başqa çıxış yolu qoymadı.

Talehin başqa şəxslərin yanında qızımı nalayiq ifadələrlə təhqir etməsini qəbul edə bilmədim. Qonaq otağından çıxaraq dəhlizdə bıçaqla onun boyun nahiyəsinə bir dəfə zərbə vurdum. Kürəkən dizini yerə qoyub, xırıldayaraq zəif səslə anlaşılmaz şəkildə nə isə dedi. Sonra isə yerə yıxılıb öldü”. 


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Əliyeva ifadəsində göstərib ki, böyük oğlu Taleh 2009-cu ildə qeyri-rəsmi Svetlana adlı qadınla yaşayıb, onların 3 övladı olub: 

“2015-ci ildə həmin qadından ayrılıb, uşaqlara görə hər ay aliment ödəyib. 2019-cu ilin aprel ayında Taleh Günayla evlənib. Toyun səhəri günü o, arvadı ilə dalaşıb və sonuncunu evdən qovmaq istəyib. Mübahisəyə xınayaxdı məclisini aparan xanımın Günayın şəklini telefonda «Whatsapp» statusuna qoyması səbəb olub. Taleh qısqanc olub, yoldaşını təklikdə harasa getməyə qoymayıb, buna görə aralarında tez-tez mübahisələr baş verib. 

2021-ci il yanvarın 17-də oğlumla gəlinim qudamın evinə getdilər, amma gecə Taleh evə tək qayıtdı. Hamilə olduğuna görə Günayın anasının ona qulluq edəcəyini, buna görə də orda qaldığını dedi. Martın 11-də gəlininin anası zəng edib, oğlunu evləndirdiyini, buna görə ayın 14-də bizi evlərində keçirəcəkləri məclisə dəvət etdi. Amma oğlum ona getməyə icazə vermədi. Həmin gün Taleh axşamüstü evə gəldi, yemək yedi, telefonuna kimsə zəng edəndən sonra isə çıxıb getdi. Səhəri gün polis əməkdaşı zəng edib, oğlumun qətlə yetirilməsi barədə məlumat verdi”. 
 

 


Şahid Günay Mirzəyeva da ifadə verib. O bildirib ki, həyat yoldaşı Taleh həmişə onunla kobud davranıb, əsassız yerə döyüb, təhqir edib: 

“Axırıncı dəfə yanvarın 14-də ərim yaşadığımız evdə məni hamilə vəziyyətdə döyüb. 3 gündən sonra Talehlə atamgilə getdik. Yoldaşım məni döydüyünə görə, geri qayıtmadım. Sonradan Taleh dəfələrlə mənə zəng etdi. Bəzən zənglərinə cavab vermədim, cavab verdikdə məni  söyüb, geri qayıtmağımı tələb edirdi. Buna görə, boşanmaq qərarına gəldim”.

Günayın sözlərinə görə, martın 14-də qardaşının xeyr işində Taleh ailə üzvlərinin yanında onun üstünə qışqırıb, onunla qayıtmasını istəyib: 

“Əlindən çıxıb, dəhlizə qaçdım. Arxamca gəlib, sağ əli ilə mənə sillə vurdu. Atam və qardaşım onun qarşısına keçib, sakit olmasını xahiş etdilər. Amma heç kimə məhəl qoymayan Taleh məni təhqir etdi və əlimdən tutub, özü ilə aparmağa çalışdı. Bu vaxt atam qəfildən arxa tərəfdən gəlib, bıçaqla Talehin boynuna bıçaqla zərbə endirdi”. 
 
Məhkəmə iclasında Mehdi Abdullayev ittiham üzrə özünü təqsirli bilib.
 
Məhkəmə gənaətə gəlib ki, Mehdi Abdullayev CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

 

 

# 9600
avatar

Oxşar yazılar