Gizli “whatsapp” yazışması, küçədə qətl - LENT.AZ  hamını şoka salan cinayətdən yazır...
10 iyun 2022 20:15 (UTC +04:00)

Gizli “whatsapp” yazışması, küçədə qətl - LENT.AZ hamını şoka salan cinayətdən yazır...

CİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il oktyabrın 15-də 1981-ci il təvəllüdlü Ramil Səfərov Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gələrək, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanı küçədə öldürməsi haqda məlumat verib. Dərhal polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 2 ünvanına yollanıblar.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin maddəsi

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 8-də Ramil Səfərov rəsmi nikahda olduğu Sahilə Cəfərovanın həmkəndlisi, eyni zamanda qohumu olan Elvüsal Abdulcəlilovla intim münasibətdə olmasını bilib. Arvadına qarşı nifrət hissi yaranıb. Boşanaraq nikahdan olan 3 uşağını arvadından almaq üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Lakin tanıdığı vəkillərlə məsləhətləşərkən uşaqlarının həyat yoldaşına veriləcəyi ehtimalının böyük olmasını öyrəndikdən sonra arvadına qarşı nifrət hissi daha da artıb. Oktyabrın 15-i səhər saat 7 radələrində yaşadığı evin mətbəxindən bıçaq götürüb və “Mərkəz Binəqədi” adlanan əraziyə gəlib. Arvadını öldürmək üçün əlverişli məqam gözləyib. Qadının həmin ərazidə yerləşən 179 nömrəli orta məktəbə uşaqları yola salaraq geri qayıtdığını görüb və onu təqib etməyə başlayıb. Onu görüb yolunu dəyişdiyi üçün Sahilənin 43-cü Polis Bölməsinə gedəcəyini güman edərək, başqa yolla həmin istiqamətdə hərəkət edib. Gülüstan küçəsində arvadına çatıb onun yaxasından tutaraq, bıçağı cibindən çıxardıb. Arvadının onu buraxmasını tələb edərək “kişiliyin çatmaz” deməsindən daha da əsəbiləşib. Qışqırıb, kömək istəməsinə əhəmiyyət vermədən Sahiləni xüsusi amansızlıqla öldürüb. Küçədəki insanlar və hadisə şahidləri gördüklərindən şoka düşüblər.

Sahilənin meyiti və şahidlər

İş üzrə dindirilmiş Ramil Səfərov bildirib ki, sentyabrın 6-da qardaşıgildə olan qonaqlıqdan sonra həyat yoldaşı və 3 uşağı onlarda qalıb, özü isə saat 21 radələrində yaşadığı evə qayıdıb. Gecə saat 1 radələrində telefonda “Whatsapp” mobil tətbiqinə daxil olub:

“Sahilənin gecə saatlarında həmin proqramda onlayn olması məni təəccübləndirdi. Ayın 8-də işdən evə qayıdandan sonra arvadımdan telefonunu mənə verməsini istədim. Bu an Sahilə “niyə verməliyəm ki, nəyə baxacaqsan?!” söyləyərək telefonu vermədi. Lakin sonra “Whatsapp”ı silərək, telefonu mənə verdi. Həmin proqramı yenidən yüklədim və bir profil tərəfindən əxlaqsız şəklin göndərildiyini gördüm. Həmin şəkli və mesajları Sahiləyə göstərərək, onu evdən qovdum. Araşdırıb, həmin nömrənin anamın əmisi nəvəsi Elvüsal olduğunu öyrəndim. Sahilə bacısı Aliyəgildə qalırdı. Arvadımın yad kişiylə münasibətdə olmasını onun ailə üzvlərinə bildirdim. Daha sonra Sahilə boşanmaq üçün məhkəməyə müraciət etdi. Dəfələrlə ona dedim ki, qızımı mənə versin və öz həyatını yaşasın.

Ramil Səfərov

Lakin o, uşağı vermədi. Sentyabrın 30-da mənə Binəqədi rayon məhkəməsindən bildiriş gəldi. Oktyabrın 11-də məhkəməyə getsəm də, qarşı tərəf ora gəlmədi. Ayın 15-də səhər saat 7 radələrində evdən çıxaraq, Sahiləni görmək üçün “Mərkəz Binəqədi” adlanan əraziyə yollandım. Arvadımın uşaqları məktəbə apardığını bildiyimdən, dayanıb, onun gəlməsini gözlədim. Atamın oradan keçib, işə getdiyini görəndə Sahilənin mobil telefonunu ona verdim.

Yoldaşımdan yenə qızımı mənə verməsini tələb etdim. Daha sonra qadını bıçaqladım. Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Lakin o, yerə yıxılandan sonra ona artıq xəsarətlər yetirmədim. 1-2 metr aralıda dayanaraq, “102” xidmətinə zəng edib arvadımı öldürdüyümü dedim və polis bölməsinə getdim”.

“Whatsapp” yazışması

Zərərçəkmiş şəxsin hüquqi varisi Əli Cəfərov ifadəsində göstərib ki, Sahilə Cəfərova onun qızı olub. Kürəkəni Ramil ailəsinin qədrini bilən insan olmayıb, qazandığı pulu spirtli içkiyə xərcləyib:

“Nə vaxt qızımın evinə getsəm soyuducularında yemək olmurdu. Sahiləni və övladlarını biz saxlayırdıq. Bu hadisə baş verməzdən əvvəl qızımın Ramillə boşanmasını istəyirdim. Axırıncı dəfə aralarında olan mübahisədən sonra nəvələrim anası ilə qaldı. Ramil balaca qızını ona verilməsini istəsə də, Sahilə bu məsələnin məhkəmə qaydasında həll olunacağını bildirirdi. Oktyabrın 15-də qızım Aliyə mənə zəng edərək, Ramilin Sahiləni öldürdüyünü xəbər verdi”.

Ramil Səfərov və qətl törətdiyi bıçaq

Şahid Dilqəm Hüseynov ifadəsində göstərib ki, hər ailədə olduğu kimi Ramillə Sahilə arasında mübahisələr olub:

“Hadisədən 10 gün əvvəl məlum məsələni eşitdim. Ramilə hər deyilənə inanmamasını, ailəsini dağıtmamasını və boşanmamasını dedim. Axırıncı dəfə birlikdə tanışımızın evində yeyib-içməyə getdik. Oktyabrın 14-də Ramil Səfərov mənə heç nə söyləmədi. Növbəti gün Ramil zəng edib qısa olaraq “polisə getdiyini” dedi. Onunla əlaqə saxlamağa çalışsam da, nömrəyə zəng çatmadı. Həmin ərazidə yalnız bir polis bölməsi olduğunu bildiyimdən ora yollandım və Sahilə Cəfərovanın qətlə yetirildiyini öyrəndim”.

Sahilənin meyiti

Şahid Möhübbət Səfərov ifadəsində göstərib ki, hadisə günü işə çatdıqdan 30 dəqiqə sonra kürəkəni Dilqəm Hüseynov zəng edərək, polis bölməsində olduğunu və oğlu Ramilin arvadı Sahiləni öldürdüyünü deyib:

“Boşanmaq istəməsinin səbəbini soruşanda oğlum yoldaşının yad kişi ilə münasibətdə olduğunu dedi. Əvvəl buna inanmadım, hətta onları barışdırmağa çalışdım. Lakin sonra öyrəndim ki, gəlinim artıq rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət edib.

Onların arasında bəzən mübahisələr olurdu, həmin vaxtlar Sahilə gəlib, bizdə qalırdı. Həddindən çox sual verməyərək, dəfələrlə oğluma sadəcə barışmalarını təklif etmişəm”.

Sahilənin cəsədi

Şahid Aliyə Cəfərova ifadəsində göstərib ki, Ramil Səfərov qazandığı pulu içkiyə və siqaretə xərcləyib, ailəsinə baxmayıb və bacısı Sahiləni döyüb:

“Onlar tez-tez mübahisə edirdi və adətən Sahilə uşaqları götürüb, qayınatasıgilə gedirdi. Sentyabr ayında növbəti mübahisədən sonra Ramil yenə bacımı döydü. Buna görə gecə saat 12 radələrində bacım evimə gəldi. Sahilə boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdi. Ramil bacımı hədələyərək onu izləyib və yaşamağa qoymayacağını deyib. Oktyabrın 15-də anam mənə Sahilənin övladlarını məktəbə apardığını, lakin saat 10 olmasına baxmayaraq, evə qayıtmadığını söylədi. Ərimlə birgə bacımı axtararkən, küçədə polis əməkdaşlarını gördüm. Hadisə yerinə çatanda artıq bacım keçinmişdi. Ramili isə polis əməkdaşları avtomobilə əyləşdirmişdilər”.

Hadisə olan küçə

Sahilə Cəfərovanın istifadəsindəki mobil telefona baxış zamanı, orada intim xarakterli ismarıcların, Ramil Səfərova məxsus telefona baxış keçirilərkən, sentyabrın 13-də həmin nömrədən Elvüsal Abdulcəlilova məxsus nömrəyə zəng daxil, həmçinin aralarında söyüş xarakterli yazışma olması müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ramil Səfərov 14 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45