Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda müəllimənin öldürülüb yandırılması ilə bağlı məlumat yayıb.
Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, mayın 27-i saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
***
Saat: 11:09
Evində yanaraq ölən müəllimənin qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayış evində baş verən yanğın nəticəsində öldüyü bildirilən Xuraman Həsənovanın meyitinə ilkin baxış keçirilib.
Baxış zamanı X. Həsənovanın üzərində zorakılıq əlamətləri aşkar edilib. Onun qətlə yetirildiyi, bundan sonra isə evinin yandırıldığı ehtimal edilir.
Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Həsənova