Sosial şəbəkədə yol polisinin vətəndaşı telefonla videoya çəkdiyi ilə bağlı görüntülər yayılıb.
Lent.az xəbər verir ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib.
Daha sonra inspektor bu videonu yaxınlarından birinə göndərib, o isə öz növbəsində bu görüntüləri internetə yerləşdirib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı Lent.az-a bildirib ki, artıq yayılan görüntüylə bağlı araşdırma balayıb: "Həmin əməkdaşlar barəsində intizam tədbiri görüləcək. Bundan əvvəl isə onların kimliyi dəqiq müəyyənləşdirilməli və izahatları alınmalıdır. Kadrlardan məlumdur ki, yol polisi əməkdaşlarının birinin sifəti görünmür".