Rəsmi Tokio münaqişəli ölkələrə hərbi texnika satmadığını bildirsə də, vədinə əməl etməyib
Ermənistanın Yaponiyanın «Hino» şirkətindən («Toyota» şirkətlər qrupuna daxildir) aldığı tank daşıyıcılarının yeni görüntüləri ortaya çıxıb.
APA-nın məlumatına görə, sosial şəbəkələrdə «Hino» istehsalı olan tank daşıyıcıların Ermənistanın «Birinci kanalı»ndan götürülmüş fotoları yayımlanıb.
Tank daşıyıcıları Ermənistan Ordusuna məxsus kamuflyaj olunub. Məlumatlarda bu fotoların tank daşıyıcılarının Ermənistan ərazisindəki hərbi hissələrin birində manevrlər zamanı çəkildiyi qeyd olunur.
Qeyd edək ki, 2012-ci ildə rusiyalı hərbi jurnalistlərdən birinin Dağlıq Qarabağdan hazırladığı fotosessiyada separatçı «ordu»nun «Hino» tank daşıyıcılarından istifadə etdiyi əks olunmuşdu. Lakin istehsalçı şirkət nə Ermənistana, nə də Dağlıq Qarabağa bu texnikaları satmadığını bəyan edərək bundan xəbərsiz olduğunu açıqlayıb.
Qeyd edək ki, hərbi təsnifatlarda tank daşıyıcı maşınlar taktik nəqliyyat vasitələri kimi sinifləndirilir.
Onu da əlavə edək ki, Yaponiya münaqişə olan ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hərbi texnika satmadığını bəyan edib.