Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri: “Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”
Jurnalist Xədicə İsmayılova prokurorluğa çağırılıb. APA-nın məlumatına görə, bu barədə X. İsmayılova öz “facebook” profilində məlumat yayıb.
Jurnalistin yazdığına görə, ona qarşı cinayət işi başlanıb: “Baş prokurorluqdan zəng elədilər. Mənə qarşı cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284)”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-nın sorğusuna cavabında bildirib: “Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”.
Qeyd edək ki, bir neçə gün öncə X. İsmayılova “facebook” sosial şəbəkəsindəki səhifəsində Milli Təhlükəsizlik Nazirliyindən (MTN) iddia etdiyi bir məktub yayıb. O bildirib ki, bu məktub ona 2011-ci ildə təqdim olunub.
***
13.40
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova Baş Prokurorluğa çağırılıb. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, jurnalist bu barədə “facebook”-da yazıb. Onun yazdığına görə, Baş Prokurorluqda onun yaydığı sənədlə bağlı Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, dünən Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib. “Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib”, - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.