Musavat.com-un baş redaktoru Xalid Kazımlı Bakı şəhər Prokurorluğundan qayıdıb. Lent.az-ın musavat.com-a istinadın verdiyi məlumata görə, o, şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.
Fazil Həsənəliyev baş redaktora bildirib ki, 18 fevral 2014-cü il tarixdə Musavat.com saytında yerləşdirilmiş "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. O, bunun yolverilməz olduğunu bildirib və təkrarlanmaması istəyini ifadə edib.
Daha sonra Musavat.com-un baş redaktoruna xəbərdarlıq məktubu təqdim edilib. Məktubda "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsini rəhbər tutaraq xəbərdarlıq edilir ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 45-ci maddəsinə müvafiq olaraq həqiqətə uyğun olmayan məlumatlar barədə təkzib verilsin.
Şəhər prokurorunun müavini X. Kazımlıya Yasamal rayonu ərazisində baş verən səs-küylü yol qəzasında iştirak edənlərin adlarını açıqlayıb. Bunlar Əzimov İlqar Yusif oğlu və Pəryab Fərid Adil oğludur. Xəsarət alanın İ. Əzimov olduğu bildirilir. Qəzaya səbəb olan "Mercedes-Gellenvagen"i isə Fərid Pəryab idarə edib.
X.Kazımlının musavat.com-a verdiyi məlumata görə, onun ümumi qənaəti bundan ibarət olub ki, prokurorluq sistemi reputasiyasının qayğısına qalır, istəmir ki, prokurorluq orqan işçilərinin ictimai rəydə obrazı "harınlamış zümrə" kimi getsin: "Bu, normaldır. Biz heç də dirəşməmişik ki, bahalı maşın da qəza törədən mütləq prokuror, ya rəis oğlu olmalıydı. Həqiqət nədirsə, onu yazacağıq. İndi deyirlər ki, o qəzanı törədənlərin heç birinin prokurorluq əməkdaşları ilə uzaqdan, yaxından əlaqəsi yoxdur. Olsun. Bunu həqiqət kimi qəbul edib yazacağıq. Amma xırda bir araşdırmaya da ehtiyac olacaq. Çünki ilk informasiyada qəzaya düşənlərdən birinin qadın olduğu bildirilirdi. Bundan başqa, son aylarda mətbu sözə dövlət strukturlarını rəhbər işçilərinin həssas reaksiyası sevindiricidir".