Ucar rayonunda vəhşi heyvanlar mal-qaraya hücum ediblər. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alpout kəndində baş verib. Kənd sakini Səfixanov Allahverdi Əşrəf oğlunun otlaq sahəsində otardığı 23 baş xırda buynuzlu heyvan qəflətən canavarların hücumuna məruz qalıb. Canavarlar 6 baş heyvanı tələf edib, 9 başı yaralayıb. A. Səvxanov Ucar Rayon Baytarlıq İdarəsinə hadisə barədə məlumat verib. İdarə əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə yandırılaraq basdırılıb.
Kənd sakini Əzimov Məhəmməd Həsənqulu oğlunun da, 2 baş iribuynuzlu heyvanını vəhşi heyvanlar parçalayaraq öldürüblər. Kənd sakinləri bu cür halların tez-tez baş verdiyini deyiblər. Onların sözlərinə görə, təkcə bu il 30 başdan çox iri, 40-50 baş isə xırda buynuzlu heyvanı vəhşi heyvanlar parçalayaraq məhv ediblər. Kənddə odlu silah olmadığından və vəhşi heyvanların öldürülməsinə icazə verilmədiyindən çarəsiz qalan sakinlər heyvanlarını öz həyətlərində, qapalı yerdə saxlamağa məcbur olublar.