Sumqayıtda üç dayısını öldürən şəxs həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 7-də Sumqayıt şəhəri, Corat bağlar sahəsində bağ evində şəhər sakinləri Dünyamalı, Yadigar və Ağamalı Mirzəyev qardaşlarının meyitlərinin aşkar edilməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, hadisə yerindən içərisində neft olan şüşə butulka, alışqan və digər əşyalar maddi sübut kimi götürülüb, digər prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.
İstintaq zamanı Xızı rayon sakini Əsgəralı Abbasovun qeyd edilən tarixdə sərxoş vəziyyətdə olan dayıları ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu söyüb təhqir etdiklərinə görə qisas almaq məqsədilə saat 01:00 radələrində sonuncuların yaşadıqları bağ evini neftdən istifadə edib yandırmasında və nəticədə onların tüstüdən boğularaq ölməsində əsaslı şübhələr olduğundan, o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində şəhər məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.