Səbinə ƏVƏZQIZI
Bir jurnalist yanğın yerinə gedir. Əlində mikrofon, onu müşayiət edən heyətdə isə operator və sürücü var. İşini görmək, hadisəni işıqlandırmaq niyyətindədir. Amma qarşısını kəsib özünü təqdim etməyən cavan oğlan əvvəlcə onu aşağılayır, mikrofonu guya ələ salır, sonra da “qoçuluq” nümayişi ilə əl-qol atıb jurnalistə yumruq vurur.
Söhbət APA TV-nin əməkdaşına qarşı zorakılıqdan, ona xəsarət yetirilməsindən gedir.
Əlbəttə, bu hadisə sosial mediada müzakirəyə çıxarılır. Təbii ki, o yumruğu öz üzündə hiss edən hər bir jurnalist bu hadisədə həmkarımızın yanındadır. Cəmiyyətin zorakılıqla dolub-daşmasını istəməyən, getdiyi yerdə hücuma məruz qalmağı arzulamayan həkim də, yanğınsöndürən də, sinif otağında, məktəb həyətində zorakılıqla rastlaşmaq istəməyən müəllim də bu hadisəni pisləyir. Normal, ağlı başında olan hamı başa düşür ki, hadisə baş verən ərazidə hüquqi statusundan asılı olmayaraq, ictimai mahiyyəti olan hadisəni çəkmək, yaymaq və münasibət öyrənmək jurnalistin vəzifəsidir.
Biz bu mövzuda diletantların şərhlərinə çox da fikir vermədik. Çünki media işinin mahiyyətini bilməyən, hadisəni iki cavan adamın küçə davası kimi şərh edənlərə nəsə demək vaxt itkisidir.
Şərhlərində təhqir, təhrik, zorakılığa çağırış olanların məsələsinə isə yəqin ki, hüquqi müstəvidə baxılmalıdır.
Amma bizim bəzi “həmkarlar”ın, tanınmış olanlardan birinin şərhinə münasibət bildirəcəyəm.
Məsələn, televiziya aparıcısı, məclis aparıcısı, müğənni Sərxan Kərəmoğlu APA TV-nin əməkdaşına hücumla bağlı danışıb. Jurnalistə hörmət edilməli olduğunu, ona təzyiq göstərilməsinin yolverilməzliyini bildirib. Buraya qədər hər şey yaxşıdır. Amma sonra elə suallar verir ki, adam istər-istəməz düşünür: Sərxan bəy, biz eyni hadisədən danışırıq?
Deyir ki, jurnalist qarşısındakı adamı tanımalıdır. Görürsə ki, həmin şəxs əsəbidir, davranışını buna uyğun qurmalıdır.
Sərxan bəy, bir şeyi başa düşmək istəyirəm. Jurnalist hadisə yerinə gedəndə özü ilə mikrofon, kamera aparmalıdır, yoxsa qarşısına çıxacaq insanların psixoloji portretini cızmaq üçün test keçirməlidir?
Yanğın yerinə gələn jurnalist haradan bilsin ki, qarşısındakı adam əsəbiləşəndə nə edəcək? Mikrofonu əlindən alacaq, kameranı sındıracaq, yoxsa yumruğunu işə salacaq?
Əlbəttə, bütün insanlar kimi jurnalist də təmkinli olmalıdır. Amma onun təmkinli olması başqasının cinayət əməlinə görə məsuliyyətini aradan qaldırmır.
Deyirsiniz ki, jurnalist qarşı tərəfin əsəbi olduğunu görüb ona uyğun davranmalı idi.
Yaxşı, tutaq ki, jurnalist hansısa ifadəni düzgün seçməyib. Tutaq ki, qarşısındakı adamı daha da əsəbiləşdirib. Bu, kiməsə əl qaldırmaq hüququ verirmi?
Məncə, bu sualın cavabını siz çox yaxşı bilirsiniz. Hətta bunu öz həyatınızdan da bilirsiniz. Yadınızdadır, 2017-ci ildə “Maşın” realiti-şousunda müğənni Təranə Qumralla aranızda qalmaqal yaşanmışdı? Bir-birinizə sərt, hətta təhqiramiz ifadələr işlətmişdiniz. Mübahisə o həddə çatmışdı ki, Təranə Qumral sizə butulka atmışdı. Hadisədən sonra ağladığınızı göstərən görüntülər də yayımlanmışdı.
O vaxt sizə kimsə desəydi ki, Sərxan bəy, qarşı tərəfin əsəbi olduğunu görürdünüz, niyə sözünüzü davam etdirirdiniz, niyə onu qıcıqlandırırdınız, niyə butulka atmasına şərait yaratdınız, necə qarşılayardınız?
Daha maraqlısı, həmin hadisədən sonra verdiyiniz müsahibələrdə Təranə Qumralın sizə butulka atmasını unutmayacağınızı bildirmişdiniz. Deməli, o hərəkət sizin üçün ciddi məsələ idi. Üzərindən vaxt keçsə də, yadınızdan çıxmamışdı.
Bəs niyə?
Çünki insan özünə qarşı edilən hərəkətin ağırlığını daha yaxşı hiss edir. Mən o vaxt da Təranə Qumralın sizə butulka atmasını düzgün hesab etməzdim. Aranızda nə danışılmışdısa, kim kimi nə qədər qıcıqlandırmışdısa, bunun fiziki aqressiya ilə cavablandırılmasına haqq qazandırmaq olmazdı.
İndi sizdən də eyni yanaşmanı gözləmək çoxmu böyük tələbdir?
O vaxt sizin qarşınızda əsəbi bir qadın vardı. İndi isə jurnalistin qarşısında aqressiv davranan bir şəxs. Birinci hadisədə butulka atılması yanlışdırsa, ikinci hadisədə jurnalistə hücum niyə onun öz davranışı üzərindən izah edilməlidir?
Sərxan bəy, zorakılığın ünvanı dəyişəndə ona münasibət də dəyişməməlidir. Bir də deyirsiniz ki, mikrofon jurnalist üçün müqəddəsdir. Onun çörəyidir, zəhmətidir, illərlə qazandığı hörmətdir.
Razıyam.
Amma ardınca soruşursunuz ki, APA TV-nin loqosu olan mikrofon qarşı tərəfin əlinə necə keçib? Doğrudan da, maraqlı sualdır.
Ancaq mən başqa bir sual vermək istəyirəm: başqasının mikrofonuna əl uzadan adamın bunu etməyə nə haqqı var? Mikrofonun jurnalistin əlindən necə çıxdığını araşdırmaq olar. Amma onu götürən şəxsin davranışını sorğulamaq daha vacib deyilmi?
Siz mikrofonun üzərindəki loqonun hörmətini unutmursunuz, var olun.
APA TV-nin loqosu hörmətə layiqdir, bəli, unutmayaq ki, həmin loqonu daşıyan jurnalistə münasibət fərqli olmalı idi. Şirkət mikrofonu yenisi ilə əvəz edəcək, təbii ki, insanın sağlamlığını isə hər zaman əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur. O yumruq Sənanın alnına yox, gicgahına tuş gəlsəydi, o “qoçu”nun yumruğu bir neçə millimetr yerini dəyişsəydi, nə baş verəcəyini bilirsiniz?
Bunu həm də zorakılıq edən gəncə “mujik kimi davranıb” yazan beyinsizlər də oxusun. O yumruq Sənanın gicgahına dəysəydi, nə olacaqdı? Kompüter arxasında şirə dönmək asandır, çox asandır.
Deyirsiniz, jurnalist mikrofonun yerə vurulması qarşısında çəkilişi davam etdirməkdə israr etməməli idi.
Sərxan bəy, siz özünüz illərlə televiziya sahəsində çalışmısınız. Kameranın qarşısında baş verən hadisəni sənədləşdirməyin nə demək olduğunu bilməmiş olmazsınız. Jurnalist niyə çəkilişi dayandırmalıdır? Kimsə onun işini görməsini istəmir deyə?
Ona “çəkilişi dayandır” deyən adam kimdir? Jurnalist adam kimi, hörmətlə yaxınlaşır, “özünü təqdim et” deyir, bu “qoçu” mikrofonu ələ salır. Əynində fərqləndirici geyimi yoxdur, üstündə vəsiqəsi yoxdur, özünü təqdim etmir, rəhbərinə zəng edib məlumat vermir, polisi dəvət etmir. Hər şey bir kənara, normal davrana da bilmir. Elementar, adi davranış qaydalarını bilmir. Jurnalistə hər çatan “dayan”, “olmaz” deyəndə jurnalist dayanmalıdır? Mənə maraqlıdır, doğrudan da, siz jurnalistikanı belə təsəvvür edirsiniz?
Sərxan bəy, Sənan hadisə müxbiridir, o, hər gün gecə reydlərində, yol qəzalarının, yanğın hadisələrinin, kriminal olayların çəkilişlərində iştirak edir. Yəni onun günü “olmaz” deyən, baxdığı iki-üç kriminal dünya videosu ilə özünü o dünyada sananları müşahidə etməkdə, xəbər hazırlamaqda keçir. Yəni deməyim odur ki, Sənanın işi müğənni dalaşdırmağa, nə bilim, şou-biznes partilərindən yayım açmağa bənzəmir.
Bunu da yazım, bitirək.
2018-ci ildə “Lider TV”də aparıcısı olduğunuz “Xoş gəldin” verilişində müğənni Mətanət Əsədova ilə yaşadığınız qalmaqal yadınızdadırmı?
Yəqin ki, yadınızdadır. Çünki həmin hadisə sizin üçün də xoş nəticələnməmişdi.
O vaxt Mətanət Əsədovanın ünvanına efirdə çox sərt fikirlər səsləndirmişdiniz. Onun iştirak etdiyi məclisdən danışmış, davranışını tənqid etmiş, hətta həmin hərəkətlərin Azərbaycan qadınının adına ləkə olduğunu bildirmişdiniz.
Həmin qalmaqaldan sonra “Xoş gəldin” verilişi bağlandı. Mətbuatda yayılan məlumatlara görə, telekanal rəhbərliyi canlı efirdə yaşanan qalmaqala görə bu qərarı vermişdi. Üstəlik, siz özünüz də mühafizəçilər tərəfindən telekanalın binasına buraxılmamışdınız. Bundan sonra halınızın pisləşdiyi, xəstəxanada olduğunuz barədə xəbərlər yayılmışdı.
İndi gəlin, o hadisəyə də bugünkü məntiqlə baxaq. Mühafizəçilər sizi iş yerinizə buraxmayanda nə düşünürdünüz? Bəlkə siz də vəziyyəti düzgün qiymətləndirməmişdiniz? Bəlkə rəhbərliyin qərarını əvvəlcədən nəzərə almalı idiniz? Bəlkə o xoşagəlməz vəziyyətin yaranmasına özünüz şərait yaratmışdınız?
Görürsünüz, Sərxan bəy, hadisəyə bu cür yanaşanda necə qəribə mənzərə yaranır?
İnsan qarşılaşdığı haqsızlığı izah etmək əvəzinə, özünün niyə həmin vəziyyətə düşdüyünü sübut etməli olur. Halbuki sizinlə bağlı həmin hadisədə də əsas sual mühafizəçilərin hansı əsasla belə davrandığı idi. Necə ki, indiki hadisədə də əsas sual jurnalistin mikrofonunun qarşı tərəfin əlinə necə keçməsindən əvvəl, həmin şəxsin jurnalistin fəaliyyətinə niyə müdaxilə etməsidir.
Sərxan bəy, sizin sözlərinizdə bir məqam da diqqətimi çəkdi.
Deyirsiniz ki, APA TV-yə böyük hörmətiniz var. Bu telekanalın fəaliyyətindən heç vaxt inciməmisiniz. Onun illərlə zəhmət çəkib nüfuz qazanan insanlarına hörmət edilməsini istəyirsiniz. Çox gözəl. Amma APA TV-nin illərlə qazandığı hörməti qorumaq istəyirsinizsə, həmin hörmətin formalaşmasında çalışan jurnalistlərin əməyini də nəzərə almaq lazımdır. O jurnalist hadisə yerinə öz kefindən getməyib.
Cəmiyyət bilməlidir ki, jurnalist ictimai əhəmiyyət daşıyan hadisəni işıqlandırmağa borcludur. Bu, onun vəzifəsidir. Və onun çəkilişinə qanunsuz mane olmaq olmaz. Bütün bunları bir kənara qoyaq, insanlara qəsdən xəsarət yetirmək qanunla məsuliyyət yaradır.
Əgər bu gün jurnalistə desək ki, qarşısındakı adamı tanımalı idi, onda sabah müəllimə deyəcəyik ki, şagirdin valideyninin xasiyyətini bilməli idin. Birisi gün həkimə deyəcəyik ki, xəstənin qohumunun əsəbi olduğunu nəzərə almalı idin. Beləcə, hər dəfə zorakılığa məruz qalan adamdan daha çox ehtiyatlılıq tələb edəcəyik, zorakılıq edən adamdan isə daha az məsuliyyət soruşacağıq.
Sərxan bəy, sizə bir sualım da var. Təranə Qumralın sizə butulka atdığı gün kimsə çıxıb onu müdafiə etsəydi, görən nə deyəcəkdiniz? Özünüzü necə hiss edərdiniz?
Şillə hamının üzündə iz buraxır…