Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə dindirilməmiş şahid ifadələrinin elan edilməsi ilə davam edib.
Məhkəmə təqsirləndirilən şəxsin azyaşlı övladı Q.Ə.nin ifadəsini elan edib:
"Atam Binədə yerləşən südçülük sovxozunda ev tutmuşdu. Biz evə baxmağa gedəndə evin çox şəraitsiz, yaşanacaq durumda olmadığını görüb orada qalmaqdan imtina etdik. Bunu görən ata dedi ki, "Əgər burada qalmayıb çıxıb getsəniz, sizin üçün yaxşı olmayacaq".
Anamın öldürüldüyünü atamla əmimin telefon söhbətindən eşidib şoka düşdüm. Əsə-əsə tez xalama zəng atamın anamı öldürdüyünü ona xəbər verdim. Atam həmişə mənə deyirdi ki, sənin bilmədiyin çox şeylər var. Atam anamla onun qohumu N arasında əlaqə olmasından şübhələnirdi, hətda bir dəfə onları telefonda danışarkən tutmuşdu. Atam qısqandığına görə anamı öldürüb".
Daha sonra iş üzrə əsas şahidlərdən olan N.M.un məhkəməyə məcburi gətirilməsi barədə qərar verib.
Növbəti proses noyabrın 30-u saat 11:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 21-də Bakıda baş verib. 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib. Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə hədə-qorxu gəlib.Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.Qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, ailə son 10 il ərzində paytaxtda kirayə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir. Onların birgə nikahdan iki yeniyetmə övladı var. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.