Kitabxanalar haqqında danışarkən adətən ağlımıza minlərlə kitabın düzüldüyü rəflər gəlir. Lakin dünyanın ən böyük kitabxanası təsəvvür etdiyimizdən qat-qat fərqlidir. Burada milyonlarla kitabdan başqa, tarixin müxtəlif dövrlərinə aid nadir sənədlər və qiymətli arxiv materialları qorunur. Onların bəziləri isə dünya tarixi üçün xüsusi əhəmiyyət daşıyır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur.
2025-ci maliyyə ili üzrə rəsmi hesabataa əsasən, burada saxlanılan materialların sayı 184 milyonu ötüb.
Kitabxananın rəflərinin ümumi uzunluğunun təxminən 838 mil, yəni 1348 kilometr olduğu bildirilir. Bu rəqəm Vaşinqtondan Çikaqoya qədər olan məsafədən də çoxdur.
Ən maraqlısı isə budur ki, kitablar bu nəhəng xəzinənin yalnız bir hissəsini təşkil edir.
Rəsmi məlumatlara görə, kitabxanada 26 milyondan çox kataloqlaşdırılmış kitab, 83 milyon əlyazma, 16 milyon fotoşəkil, 5,8 milyon xəritə və 8,4 milyon not materialı qorunur. Bundan başqa, fondda 4,3 milyon səs materialı və 1,9 milyon hərəkətli təsvir materialı mövcuddur.
Əlyazmalar arasında ABŞ prezidentlərinə məxsus şəxsi sənədlər, tarixi məktublar, qanun layihələrinin ilkin variantları və müxtəlif dövrlərə aid mühüm materiallar yer alır.
Bütün bu sənədlərin qorunması xüsusi şərait tələb edir. Buna görə də kitabxananın müxtəlif bölmələrində materialların xüsusiyyətlərinə uyğun saxlanma qaydaları tətbiq olunur. Adi ziyarətçilər kitab saxlanclarına sərbəst daxil ola bilmirlər.
Kitabxananın daha bir maraqlı xüsusiyyəti onun daim böyüməsidir. Hər iş günü buraya orta hesabla 15 min yeni material daxil olur. Onların 10 mindən çoxu daimi fonda əlavə edilir.
Kitabxananın tarixi də kifayət qədər maraqlıdır. Əsası 1800-cü ildə qoyulan müəssisə 1814-cü ildə Britaniya qoşunlarının Vaşinqtona hücumu zamanı böyük itkiyə məruz qalıb. Daha sonra ABŞ-nin keçmiş prezidenti Tomas Ceffersonun şəxsi kitab kolleksiyasının alınması kitabxananın bərpasında mühüm rol oynayıb.
Dünyanın ən böyük kitabxanasındakı materiallara internet vasitəsilə baxmaq mümkündür. Kitabxananın elektron kataloqu və rəqəmsallaşdırılmış kolleksiyalarının bir hissəsi internet istifadəçiləri üçün açıqdır. Bunun sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan insanlar Vaşinqtona getmədən tarixi sənədləri, fotoşəkilləri və digər materialları araşdıra bilirlər.
Beləliklə, Konqres Kitabxanası sadəcə kitabların saxlandığı məkan deyil, bəşəriyyətin tarixi və mədəni yaddaşını qoruyan nəhəng bilik xəzinəsidir.