Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfi isə bəzi sübutların sübutlar siyahısından çıxarılması, cinayət işinə xitam verilməsi barədə vəsatətlər veriblər. Lakin vəsatətlər təmin edilməyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.
N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.
N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.
Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.
N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.