Dekabrın 31-də Bakı-Ələt yolunda, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postunda baş vermiş dəhşətli qəza nəticəsində həlak olan polis serjantı, 1989-cu il təvəllüdlü Mehdiyev Polad Bəxtiyar oğlunun atası Lent.az-a müraciət edib. O, bildirib ki, məlum hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqından narazıdır: “31 dekabrı 2013-cü il tarixdə, saat 19 radələrində gücləndirilmiş iş rejimi ilə vəzifəsinə yerinə yetirərkən polisin göstərişinə tabe olmayan Xəyal Orucov saatda 220 kilometr sürətlə idarə etdiyi avtomobillə yol polisi postunu dağıdıb. Həmin vaxt xidmət aparan Polad Mehdiyev və bir mülki şəxs vurularaq qətlə yetirilib. Cinayətkar həmin gündən xəstəxanaya yerləşdirilib və yanvarın 23-də xəstəxanadan çıxıb. Hadisədən 50 gün keçməsinə baxmayaraq, cinayəti törədən şəxs hələ də azadlıqdadır. İşi aparan müstəntiq bu müddət ərzində bizə heç bir məlumat verməyib. Son olaraq öz müraciətimdən sonra bəlli oldu ki, bu vaxta qədər tibbi ekspertizanın nəticəsi də alınmayıb”.
Həlak olmuş polis serjantının atası bildirib ki, hadisəni törədən şəxsin hələ də azadlıqda olmasından narahatdır.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Qaradağ rayon Prokurorluğunun müstəntiqi Akif Tağıyev bildirib ki, məlum hadisəni törədən Xəyal Orucov nəzarət altındadır. Müstəntiqin sözlərinə görə, X.Orucov xəstəxanadan çıxsa da hazırda psixiatr və nevropatoloqun nəzarəti altındadır: “Ekspertizanın nəticələrini gözləyirik, təqsirkarlar əlbəttə, həbs ediləcək”.
Qeyd edək ki, dekabrın 31-də Saatlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəyal Şakir oğlu Orucovun idarə etdiyi 90 KV 265 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Qaradağ YPX postunda Ümid qəsəbə sakini Mirzə Təvəkkül oğlu Məmmədovun idarə etdiyi 10 RR 714 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə çırpılıb. İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub. Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və 10 RR 714 nömrə nişanlı “Mercedes”in sürücüsü Mirzə Təvəkkül oğlu Məmmədov dünyasını dəyişib.
Sərxoş vəziyyətdə avtomobili idarə edən Xəyal Orucov və onun avtomobilində olan sərnişin Xalid Orucov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.