Baş Prokurorluqdan Misir Mərdanov və Aqiyə Naxçıvanlı açıqlaması  - <span style="color:red;">YENİLƏNİB
09 fevral 2014 20:24 (UTC +04:00)

Baş Prokurorluqdan Misir Mərdanov və Aqiyə Naxçıvanlı açıqlaması - YENİLƏNİB

Baş Prokurorluq sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının istintaqa cəlb edilmələri ilə bağlı bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) yayılan məlumatlara münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, bu gün bəzi KİV-də keçmiş təhsil naziri Misir Mərdanov və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində saxta diplomların verilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb edilmələri barədə məlumatlar yayılıb.

 

****

10:24

Azərbaycanda “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb.

 

 

“Yeni Müsavat” qəzetinin yazdığına görə, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.

 

Qəzetin məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir: “Cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb”.

 

 

Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib.

 

Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: “O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur”.

 

A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar.

 

 

Qeyd edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir.

 

Saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır. Məlum olub ki, testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Müəllimlər İnstitutunun Qazax filialı olub.

 

Müəllimlər İnstitutunun Salyan filialının rəhbəri isə A.Naxçıvanlıya qarşı açıq ittihamlarla çıxış edir. Filialın rəhbəri deyir ki, bu postu tutmaq üçün A.Naxçıvanlıya 200 min manat rüşvət verib. A.Naxçıvanlının təkziblərinə baxmayaraq, filial rəhbəri ittihamlarını davam etdirir.

 

Korrupsiyaya Qarşı Mübarizə İdarəsində iki maddə ilə  başlanan cinayət işində bu epizod da əsas xətt olaraq keçir.

 

Saxta diplom qalmaqalı, ittihamlar isə getdikcə böyüyür və bu günlərdə bu işə dələduzluq epizodu da əlavə edilib. Araşdırmaların nəticəsi olaraq həbslərin olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7370

Oxşar yazılar