İdarə rəisi və əməkdaşlarının status və səlahiyyətləri də artırılıb
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin və müavinlərinin təsnifat statusu, rəisin və idarənin səlahiyyətlərinin artırılması ilə bağlı layihələr müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihələr barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Prokurorluq haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilir.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata - baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğun idarə və müstəqil şöbə rəislərinin, hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.
Qanuna təklif olunan 18.3.2-1-ci maddəsinə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir). “Prokurorluq haqqında” qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir. Eyni zamanda qanuna baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq. İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsilə Azərbaycan prezidentinə və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək (hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir).
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul olunub.