Salyan polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb. Rayon Polis Şöbəsinin baş müstəntiqi Samir Həsənovun APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, keçirilmiş əməliyyat tədbirləri zamanı Salyan şəhər sakini Elnur Lazım oğlu Kərimov tutulub. Ondan bir ədəd selofan bükümündə xalis çəkisi 0.734 qram narkotik vasitə olan tiryək götürülüb.
Baş müstəntiq Samir Həsənov deyib ki, Elnur Kərimovun razılığı ilə yaşadığı evə də baxış keçirilib. Mənzildə axtarış zamanı ümumi çəkisi 26.584 qram tiryək və 1.13 qram çətənə toxumu aşkar olunub.
Əvvəllər də məhkum olunmuş Elnur Kərimov ilkin istintaq zamanı törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Salyan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.