Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində rayon sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Yanvarın 8-də Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Şilyan kənd sakini Sadəddin Qasımov saxlanılıb. Baxış zamanı onun üzərindən 120 qram marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evə baxış zamanı isə müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Həmin gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə rayon sakini Surxay Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən mütəmadi aparılan profilaktiki tədbirlər nəticəsində xeyli sayda silah-sursat polis orqanlarına təhvil verilib. Naxçıvan şəhər sakini Mayis Səfərov tapdığı 1 ədəd “AK” markalı silahı, 2 ov tüfəngini, 1 ədəd “ES” markalı pnevmatik tir silahını və 1 ədəd “Voltran” markalı qaz tapançasını könüllü olaraq Naxçıvan MR DİN-in Mühafizə Şöbəsinə təhvil verib.
Əməliyyat tədbirləri nəticəsində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları yığılan ərazidən 1 ədəd “AK-74” markalı silah, 52 ədəd patron və 2 ədəd patron darağı tapılıb.
Silah-sursatlar aidiyyatı üzrə təhvil verilib.