Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub.
APA-nın məlumatına görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanov koalisiya qüvvələri tərəfindən öldürülüb.
A. Osmanovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib.
İnterpolun saytındakı məlumata görə, A. Osmanov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov və Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.
Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.