Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ATƏT yanında Daimi Nümayəndəsinin ATƏT-in Daimi Şurasının fevralın 20-də keçirilən iclasındakı çıxışında Azərbaycan Respublikasının QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərə dair tənqidi bəyanatına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-nın sorğusuna cavabında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun olaraq hazırlanmış qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb.
E. Abdullayev qeyd edib ki, əlavə və dəyişikliklərin əsas məqsədi QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir: “Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”.
E. Abdullayevin sözlərinə görə, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlərin görüldüyü və eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazasının möhkəmləndirildiyi və şəffaflığın artırıldığı halda, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir.
Xatırladaq ki, fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.