“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir”.
Bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.
O bildirib ki, itkin düşən Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin dekabrın 26-da geri qayıtmaları nəzərdə tutulub: “Onlar dekabrın 24-ü axşam saat 17-18 radələrində alpinist yoldaşları ilə əlaqə yaradıblar. Bildiriblər ki, orada hava şəraiti pisdir, çadır qurublar, gecəni çadırda keçirəcəklər. Elə həmin andan alpinistlərlə əlaqə kəsilib. Biz dekabrın 27-i səhər saatlarından axtarış işlərinə başlamışıq və axtarış işləri davam edir”.
FHN rəsmisinin sözlərinə görə, ərazidə hava şəraiti çox soyuqdur: “Havanın temperaturu mənfi 10-15 dərəcədir, ərazi çox böyükdür. Axtarış Tufandağın ətəyində, ən yüksək hündürlüklərdə həm helikopter vasitəsilə, həm də şəxsi heyətin iştirakı ilə aparılır. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. Ərazi çox böyükdür. Şəxsi heyət 4 qrupa bölünüb. Hətta qar uçqunu olan ərazilərə də baxırıq, axtarış aparırıq. Uçqun sahəsi 2 metr yarıma qədər qazılıb. Lakin hələlik nəticə yoxdur. Qarın qalınlığı 5-6 metrdir. Yenə bildirirəm ki, güman gələn bütün istiqamətlər yoxlanılıb. Bu günlük axtarış işləri başa çatıb”.
Ş. Mirzəyev qeyd edib ki, bu gün itkin düşmüş alpinistlərə aid olduğu ehtimal edilən ayaq izləri aşkarlanıb: “Bizim əməkdaşlar məlumat verdilər ki, Mahmuddərədən Tufandağa qalxanda, sağ tərəfdə ayaq izləri aşkarlanıb. Ayaq izlərinin ölçülərindən biri kiçikdir, xanıma aid olduğu ehtimal edilir. Lakin izlər 15 metrdən sonra itir. Onlar dekabrın 24-ü Tufandağın ətəyində sonuncu dəfə mobil şəbəkəyə qoşulublar. Sadəcə, arada vaxt itkisi olub. Hadisə olur, aradan uzun müddət ötəndən sonra insanlar bizə müraciət edirlər. İnsanlar hadisə barədə dərhal aidiyyəti qurumları məlumatlandırsalar, daha yaxşı olar. Sabah səhər saatlarında yenidən axtarış işlərinə başlanılacaq”.
“Gilavar” hava və ekstrim idman klubu İctimai Birliyinin direktoru Ziya Qasımov isə APA-ya bildirib ki, klub üzvlərinin üzərində hər hansı radiostansiya olmayıb: “Onların üzərində yalnız mobil telefonlar olub. Dekabrın 24-ü axşam saatlarında axırıncı mesajı mənə yazıblar. İki gün gözlədik. Bizimlə əlaqəyə çıxmadıqlarına görə dekabrın 26-da axşam Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik”.
Direktor qeyd edib ki, Çingiz, Tufan, Turfandağ silsilələrin hamısı, qar uçqunları, qayalar, buz çatları axtarılır, bütün ehtimal olunan variantlar araşdırılır: “Helikopterlər bütün zirvələrin üzərində, hətta Şahdağ və Lazanın da üzərində dolaşıb”.
Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.
***
18:44
Fövqəladə Hallar Nazirliyi Qubada dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, qurumdan verilən məlumata görə. alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bildirilir ki, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi. Sabah axtarış işləri davam etdiriləcək.
Əlavə məlumat veriləcək.