BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələrə və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatı açıqlanıb.
APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, təşkilatın iqtisadi və sosial işlər üzrə departamentinin təqdim etdiyi hesabata əsasən, bu gün dünyada 232 milyon miqrant mövcuddur. Onların 30 faizi 29 yaşdan aşağı olan gənclərdir.
Hesabatda vurğulanır ki, iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənədə həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanların axtarılması, müharibədən, təbii fəlakətlərdən xilas olunması da gənclər arasında miqrasiyaya səbəb olan səbəblərdəndir.
Bununla belə, sənəddə miqrantların verdiyi töhfələr də sadalanır. Belə ki, hesabatın müəlliflərin qənaətinə görə, miqrantlar məskunlaşdığı ölkədə çalışıb, pul qazanaraq, gəlirin bir hissəsini vətənə göndərirlər, bununla da öz doğma ölkələrinə maddi cəhətdən kömək edirlər. Həmçinin miqrantlar onları qəbul edən ölkələrin sosial və mədəniyyət strukturunu zənginləşdirirlər.
BMT-nin təqdim etdiyi sənəddə vurğulanır ki, miqrantların axını problemlər də yarada bilər. “Belə ki, miqrantların doğma ölkələri “beyin köçməsi” ilə üzləşirlər və xüsusi ilə səhiyyə və təhsil sahəsində çalışan mütəxəssislərini itirirlər. Eyni zamanda miqrantlar onları qəbul edən ölkələrə gələndə yeni çətinliklər, çağırışlar, bəzən isə mənfi stereotiplər və diskriminasiya ilə üzləşirlər, bu da onların psixoloji durumuna təsir edə biləcək amillərdir”, - deyə hesabatda vurğulanır.