“Qardaşımı öldürüb basdırandan sonra arvadı ilə sevişdim”
07 fevral 2013 16:04 (UTC +04:00)

“Qardaşımı öldürüb basdırandan sonra arvadı ilə sevişdim”

Arzuolunmaz eşq macərasının faciəli sonu: qardaşlardan biri öldürüldü, digəri qatil oldu

 

...Hicran Ağa ilə evlənəndən bir müddət sonra ərinin qardaşı Elşənlə sevgi macərası yaşamağa başlayır. Əvvəllər bu münasibətdən heç kimin xəbəri olmasa da, sonradan Hicranın həyat yoldaşı Ağa, həmçinin digər ailə üzvləri xəbər tuturlar. Hamı Elşənə qardaşı arvadından uzaq durmağı tövsiyə edir, hərəkətinə görə onu qınayır. Elşən də hər dəfə Hicranla aralarında yaxınlıq olmadığını deyir. Lakin Hicranı sevdiyindən ondan ayrıla da bilmir. Elə buna görə də onunla qardaşı Ağa ilə münasibəti pisləşir. Ağa ona hər dəfə arvadından uzaq durmağı tələb edir. “Adam qardaşı arvadına tamah salmaz. Ailəmdən uzaq dur” deyib dəfələrlə özündən yaşca balaca qardaşını tənbeh eləsə də, xeyri olmur. Bütün bunlara baxmayaraq, Elşən ata evindən çıxıb qardaşı Ağanın Sumqayıtda kirayələdiyi mənzilə gəlib onlarla yaşamağa davam edir. Çünki Hicranla olan münasibətlərinə son verə bilmir...

 

 

Qardaşını öldürüb basdırır

 

Hadisə baş verən gün də qardaşlar arasında  dava-dalaş baş vermişdi. Lakin bu dəfə Ağa çox əsəbiləşmişdi. Qardaşını evdən qovmaq istəyirdi. Lakin Elşən onun dediklərinə əhəmiyyət verməyib yatmağa gedir. Gecə saat 4 radələrində Ağa həyətdəki tualetə getmək üçün evdən çıxır. Ağanın deyinə-deyinə, səs-küylə evdən çıxmasını eşidən Elşən də onun dalınca gedir. Bu zaman Elşənlə Ağa yenə də dava edirlər. Elşən qardaşının sakitləşmədiyini, onu söyüb təhqir elədiyini görüb yerdən götürdüyü daşla Ağanın başına bir neçə dəfə vurur. Zərbələrin təsirindən yerə yıxılan Ağanı oradaca qoyan Elşən evə gedərək Hicranla intim münasibətdə olur. Yarım saatdan sonra qardaşından xəbər çıxmadığını görən Elşən onun dalınca həyətə qayıdır və qardaşının can verdiyini görür. Bundan sonra Elşən izi itirmək üçün Ağanı öldürüb basdırmaq qərarına gəlir. Qardaşının boğazına həyətdən tapdığı məftili dolayaraq boğub öldürən Elşən meyitini həyətdə qazdığı çalada basdırır. Sonra da heç bir şey baş verməmiş kimi evə gəlib yatır. Səhər açılanda isə Hicrana Ağanı öldürərək basdırdığını, bu barədə heç kimə danışmamasını deyir. Bundan sonra onlar bir müddət birlikdə yaşayırlar. Artıq onlara mane olacaq adam yox idi. Lakin Ağanın digər qardaşı  Nurağanın onlardan şübhələnməsi hər şeyi alt-üst edir...

 

“Qardaşımın yoxa çıxmasından şübhələndim”

 

İstintaq zamanı zərərçəkmiş şəxs kimi ifadə verən Nurağa  bildirib ki, qardaşı Ağa anadangəlmə ruhi xəstə olub. O, ifadəsində Ağanın birinci arvadı öləndən sonra, təxminən 7-8 il əvvəl Hicran adlı qadını tapıb onunla kəbinsiz yaşamağa başladığını deyib: “Həmin vaxtdan başlayaraq, qardaşım Eşən də Hicranla intim yaxınlıq etməyə başlayıb. Bu hərəkətinə görə Elşəni danlasaq da, o, bunu boynuna almırdı. Hicran Ağa ilə yaşadığı müddətdə bir qızları da doğulub. Qız körpə olanda Hicranın atası onu Ağadan ayırıb Abbas adlı bir nəfərə ərə verib. Təxminən 6 il keçəndən sonra Elşən gedib Hicranı yenidən guya Ağanın arvadı kimi evimizə gətirib. Elşənin Hicranı özü üçün gətirdiyini bilən Ağa arvad-uşağı ilə birlikdə Sumqayıta köçdü. Elşən isə onlardan əl çəkmədi. O da gedib onlarla qaldı. Son zamanlar Ağa yoxa çıxmışdı. Hər dəfə soruşanda  deyirdilər ki, işdədir. Bir dəfə də Hicran mənə dedi ki, işləmək üçün Rusiyaya gedib. Şübhələndim, bunun üçün də polisə müraciət elədim”.

 

“Qaynımla bir-birimizi sevirdik”

 

Nurağanın müraciətdən sonra polis əməkdaşları araşdırmalara başlayırlar. Nəticədə Elşən şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilir. İlkin dindirmə zamanı qardaşından xəbəri olmadığını desə də, sonradan törətdiyi əməli etiraf edir.

 

İstintaq zamanı şahid qismində dindirilmiş Hicran Rəşidova isə ifadəsində ilk dəfə 18 yaşında Fərhad adlı şəxslə qeyri-rəsmi evləndiyini, həmin nikahdan hazırda 12 yaşında olan Büllur adlı qızı olduğunu deyib: “Büllur dünyaya gələndən az sonra, atam məni   ərimdən ayırdı. Təxminən 7 il əvvəl isə Ağa ilə qeyri-rəsmi evləndim. Bu nikahdan da hazırda 6 yaşı olan Aynurə adlı qızım dünyaya gəldi. Qaynım Elşənlə bir-birimizi sevirdik. Onunla da intim münasibətdə olmuşam. Bunu ailə üzvləri, o cümlədən ərim də bilirdi. Həmin gün Elşən mənə Ağanı öldürdüyünü dedi. Sonra da tapşırdı ki, bu barədə heç kimə deməyim. Mən də elə elədim” .

 

Elşənin anası Qüdrət Nəcəfova da ifadəsində Hicranın oğlu Ağaya həyat yoldaşı kimi hörmət etmədiyini deyib: “Ağanı saymırdı. Hicran əsasən, Elşənin sözünə qulaq asırdı. Hicranın Elşənlə intim yaxınlıq etdiyini, onun həm Gülağa, həm də Elşənlə yaşadığını bilirdim. Bunun üçün Elşənə çox irad bildirmişik. Ağa həmişə onların hərəkətindən şikayətlənirdi. Bizə deyirdi ki, dəfələrlə gecə tualetə çıxdıqdan sonra Elşən, ya Hicran qapını arxadan bağlayıb onu içəri buraxmayıblar, özləri içəridə qalıblar ”.

 

İş üzrə araşdırmalar başa çatıb, Elşənin qətl törətməsi sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nəcəfov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Yazı cinayət işinin ittiham aktı əsasında Lent.az üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11811
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar