“Atamı döyüb öldürəndən sonra anama yalvardım ki...”
07 yanvar 2013 13:04 (UTC +04:00)

“Atamı döyüb öldürəndən sonra anama yalvardım ki...”

...Həmin gün Rövşən atası ilə anasının mübahisəsini eşidib yuxudan oyandı. Həmişəki kimi anası atası ilə başqa arvad saxlaması üstündə dava edirdi. Rövşən artıq bu dava-dalaşdan, bu söz-söhbətdən bezmişdi. Atasına qonşuların yanında biabır olduqlarını desə də, bu dava-dalaşa son qoymasını istəsə də, ,atası ona acıqlanır. Elə hər şey də bundan sonra baş verir, Rövşən atasının qatili olur...

 

“Atamı öldürmək istəmirdim”

 

İstintaq zamanı ifadə verən Rövşən özünü təqsirli bilmədiyini deyib. O ifadəsində göstərib ki, 1993-cü ildə hərbi xidmətdən qayıdıb, ondan sonra heç vaxt heç yerdə işləməyib və həmişə evdə olub: “Atam Vahid avtomobil dayanacağında gözətçi işləyirdi. Onun başqa qadınla əlaqə saxlamasından və qeyri-rəsmi ər-arvad kimi yaşamasından xəbərimiz vardı. Bu səbəbdən mən və anam atamla tez-tez mübahisə edərdik. Hadisə baş verən gün günorta evdə bir qədər spirtli içki içdim, yatdım. Saat təxminən axşam 10 olardı, səs-küyə yuxudan oyandım. Çarpayıdan qalxanda anamla atamın yenə də başqa qadına görə mübahisə etdiklərini eşitdim. Anam ondan nə üçün həmin qadının yanına getdiyini soruşurdu. Atam isə kişi olduğunu, “əcəb etdiyini” söyləyirdi. Onları sakitləşdirmək istəyib mübahisə etməmələrini, qonşulardan ayıb olduğunu dedim. Lakin atam məndən kobud formada işinə qarışmamasını tələb etdi. Həmin vaxt anam mətbəxə gedib ev işləri ilə məşğul olmağa başladı. Bundan sonra atamla mübahisəni mən davam etdirdim və onun daha da hirsləndiyini görüb bərk qışqırmamasını, gözündəki eynəyinin gözünə girəcəyini dedim. Atam isə bu sözlərdən sonra eynəyini çıxarıb nə demək istədiyimi soruşdu və hirsli vəziyyətdə üstümə hücum etdi. Atamın məni vurmaq istədiyini başa düşdüm. O, əvvəlcə məni yumruğu, sonra isə kəlləsi ilə vurmaq istədi, lakin kənara çəkildiyim üçün zərbələr mənə dəymədi. Atamın sakitləşmədiyini və məni yenə də vurmaq istədiyini görüb yumruqla onun gözünə və başına bir neçə zərbə endirdim. Bu zərbələrdən sonra atam dayandı, sonra isə stola tərəf əyilməyə başladı. Həmin vaxt onun gözaltı nahiyəsindən qan gəldi və gələn qan bir qədər stolun üstünə axdı, sonra da atam yerə yıxıldı. Bundan sonra atamın halsızlaşdığını, vəziyyətinin pisləşdiyini və ayaqlarının səndələdiyini gördüm. Onu qucaqlayıb stolun yanındakı divara söykəyib stula oturtdum. Atam artıq çox halsız vəziyyətdə idi. Onun stuldan yıxılacağını görüb  tutdum və yerə uzandırdım. Həmin vaxt anam da mətbəxdən gəlib otağa daxil oldu. Bu zaman anama atamı bir neçə dəfə yumruqla vurduğumu dedim. Anam da əmim Elxana zəng edib tez bizə gəlməsini və təcili tibbi yardım gətirməsini xahiş elədi. Atamın ürəyini masaj etdim, süni nəfəs verdim ki, bəlkə özünə gələr. Lakin onun öldüyünü hiss elədim. Buna görə də qorxub anama əgər atamı vurduğumu bilsələr məni həbs edəcəklərini, bu barədə heç kimə danışmamasını deyərək yalvardım. Anam da mənimlə razılaşdı. Bir qədər sonra əmim Elxan təcili tibbi yardım həkimi ilə birlikdə bizə gəldi. Həkim onu müayinə edib artıq öldüyünü dedi. Bundan sonra polis və prokurorluq əməkdaşları gəlib, evə baxış keçirib, meyiti ekspertizaya göndərdilər. Atamı vurduğum barədə heç kimə danışmadım. Prokurorluqda aparılan araşdırma zamanı izahat verərkən isə atamın sərxoş vəziyyətdə yıxıldığını və başının stulun kənarına dəydiyini dedim” .

 

 

Rövşən həmçinin ifadəsinə əlavə edib ki, atasını öldürmək istəməyib: “Atam mənim üstümə hücum etdiyi üçün onun sakitləşməsi və məni vurmaması üçün yumruqla atamın  sifətindən üç zərbə endirdim. Mən onu öldürmək istəmirdim...”

        

“Qardaşımın başqa qadınla əlaqəsi vardı”

 

 

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Rövşənin əmisi Elxan isə qardaşının digər qadınla qeyri-rəsmi münasibətdə olduğunu, tez-tez onun yanına gedib-gəldiyini deyib: “Buna görə də ailəsində bəzən narazılıqlar olurdu. Həmin gün qardaşımın həyat yoldaşı Rita mənə zəng edib Vahidin özünü pis hiss etdiyini və təcili tibbi yardım götürüb tez onlara gəlməyimi dedi. Mən də getdim. Evə çatanda qardaşımın uzandığını və üzündən qan axdığını gördüm. Mənimlə gələn həkim isə onun öldüyünü dedi. Bundan sonra Rövşəndən Vahidə nə olduğunu soruşdum. Rövşən ona Vahidin başının stula dəydiyini bildirdi. Baş verənləri isə Rövşən həbs olunanda bilmişəm” .

 

 

Şahid ifadələri

 

Şahid qismində ifadəsi alınmış Rita Ağayeva həyat yoldaşının başqa qadınla əlaqəsinin olmasına görə həmişə aralarında mübahisələr olduğunu deyib: “Həmin gün Rövşən bizim aramıza girmək istəyəndə Vahid ona müdaxilə etməməsini dedi. Bu səbəbdən də dalaşdılar. Mən də mətbəxə keçdim. Bir qədər sonra otağa qayıdanda Vahidin vəziyyətinin pisləşdiyini gördüm. Rövşən mənə atasını yumruqla vurduğunu dedi və yalvardı ki, bu barədə heç kimə danışmayım. Mən də oğlumu qorumaq üçün onun dediyi ilə razılaşdım. Ona görə də hamıya Vahidin yıxıldığını dedik”.

 

 

Şahid Hüseynov Mərdan İmran oğlu isə ifadəsində göstərib ki, Bakı şəhəri 10 saylı təcili tibbi yardım stansiyasının 2 saylı filialının həkimi işləyir: “Həmin gün axşam saatlarında işdə olan zaman feldşer Xudabəddin Mirzəyev ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsinə çağırışa getdik. Mənzilə daxil olduqda girişdən sağ tərəfdə yerləşən otaqda bir nəfər yaşlı kişinin yerdə arxası üstə uzadılmış vəziyyətdə olduğunu gördüm. Həmin şəxsi müayinə edərkən onun sol almacıq sümüyündə hematoma, həmin nahiyənin partlaması, oradan ifraz olunmuş qanın quruması, qulaq seyvanından qan ifraz olunması və sol qulaq nahiyəsində xəsarət olmasını müəyyən etdim. Həmin şəxsin heç bir həyat əlamətləri yox idi. Həmin vaxt mənzildə özünü mərhumun oğlu kimi təqdim edən təxminən 35 yaşlı oğlan və özünü mərhumun həyat yoldaşı kimi təqdim edən bir nəfər qadın var idi. Mərhumun oğlu çox həyəcanlı vəziyyətdə idi. Mən ondan atasının hansı şəraitdə ölməsini soruşdum. O da atasının işdən hirsli vəziyyətdə gəldiyini, evdə olarkən qəflətən yıxılıb, başının stulun kənarına dəydiyini və bundan sonra halının pisləşib ölməsini dedi. Ətrafa baxış keçirərkən meyitin olduğu otaqda yerləşən stolun üstündə qan ləkələrinin, stolun üstündə boş külqabının olduğunu və siqaret kötüklərinin stolun üstünə səpələndiyini, stolun yanında qoyulmuş stulun qarşısında da qan ləkələri olduğunu gördüm. Adətən qulaqdan qan ifraz olunması beynin küt travması nəticəsində olduğundan stolun üstündə qan ləkələri və səpələnmiş siqaret kötükləri olduğundan həmin şəxsin özünün yıxılaraq, xəsarət almasına inanmadım və bu hadisə barədə polis bölməsinə məlumat verdim. Bir qədər sonra polis əməkdaşları gəldilər və meyiti polis əməkdaşlarına təhvil verib iş yerinə qayıtdım”.

 

“Qatilin yalanı üzə çıxdı”

 

Hadisə yerinə gələn polis əməkdaşları meyiti ekspertizaya aparıblar. Eyni zamanda baş vermiş hadisə ilə bağlı istintaq başlanılıb. Aparılan araşdırmalar zamanı Rövşənin yalan ifadə verdiyi və hadisənin onun tərəfindən törədildiyi müəyyən olunub. Bundan sonra Rövşən saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Məhkəmənin hökmü

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: yazı cinayət işinin materialları əsasında Lent.az üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3025
avatar

Şəhriyar Əlizadə

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19