Sumqayıt şəhərinin Köhnə Corat qəsəbəsində yaşayan Aydın Mahmudov oğlu Veysəldən işlətdiyi mağazada satmaq üçün bir neçə tütün məmulatı almağı xahiş edir. Lakin Veysəlin buna etiraz etməsi ata və oğlu arasında dava ilə nəticələnir. Beləliklə, ailə faciəsinə çevrilən cinayət işinin təfərrütalarını təqdim edirik.
“Ata, söyüş söymə, məni özümdən çıxarma”
Cinayət işinin materiallarına əsasən, Aydın Mahmudov evlərinin yaxınlığında olan və işlətdiyi masğazada satmaq üçün oğlu Veysələ 40 manat verərək, tütün məmulatları almağı xahiş edir. Lakin Veysəl sabah gedəcəyini deyir. Aydın isə ondan 20 manatı geri alaraq özünün gedəcəyini söyləyir. Bu zaman Veysəl əsəbiləşərək yenidən atasına sabah gedəcəyini bildirir və atasının ondan aldığı pulu cibindən çıxarmaq üçün Aydını divara tərəf sıxır. Bundan sonra aralarında mübahsiə baş verir və Veysəl atasını öldürmək qəraraına gəlir. Elə həmin vaxt piştaxtın üzərindən götürdüyü bıçaqla atasını arxadan bıçaqlayır.
Veysəl Mahmudov istantaq zamanı verdiyi ifadəsində həmin gün mağazada satmaq üçün çörək alıb gəldiyini və televizora baxdığını deyib: “Saat 16.00 radələrinə kimi mağazada oldum. Bu müddət ərzində atam evə gedib, nahar edib qayıtdı. Sonra gəlib kassadan 40 manatı götürüb mənə verərək həmin pula mağaza üçün 1 blok “klassik” markalı, 1 blok boz “LD” markalı və 1 blok da “Vest” markalı siqaret alıb gətirməyi tapşırdı. Həmin siqaretləri almaq üçün 21 manat 90 qəpik pul lazım idi. Atam mənə siqaret almağa getməyi tapşıranda mən pulu götürüb cibimə qoydum və atama “sabah gedərəm” dedim. Bu zaman atam üstümə qışqıraraq dərhal getməyini tələb etdi. Bir daha sabah getmək istədiyimi deyəndə atam “pulu mənə ver, mən özüm gedərəm” sözlərini deyərək, pulun 20 manatını məndən alıb cibinə qoydu. Yenidən atama “sən yaşlı adamsan, getmə, sabah mən gedib özüm alaram” dedim. Əlimi onun cibinə salıb 20 manatı götürmək istəyəndə aramızda mübahisə baş verdi. Atam məni itələyərək nalayiq ifadələr işlətdi. Atama “ata, söyüş söymə, məni özümdən çıxarma” dedim, söyüş söyəcəyi təqdirdə onu bıçaqla vuracağımı bildirdim. O, buna məhəl qoymayaraq, məni təhqir etməkdə davam etdi. Atamın bu sözləri məni əsəbiləşdirdi və onu divara sarı sıxışdırdım. Bu zaman atam məni yumruqla vurmaq istədikdə onun qollarında tutdum. Atamın qollarını buraxdıqda o, yenə də məni təhqir edə-edə qapıya tərəf gedəndə vitrinin ustundə olan bıçağı götürüb kürək nahiyəsinin ortasından yuxarıdan aşağıya doğru bir bıçaq zərbəsi vurdum. Bundan sonra atam mağazadan çölə çıxdı və dükanın qarşısında qonşumuz Alimə «Veysəl məni bıçaqla vurdu, məni tez xəstəxanaya çatdır» sözlərini dedi. Alim mağazadan içəriyə daxil oldu və əlimdə qanlı bıçağı gördü, lakin mənə heç nə demədi. Dükandan çölə çıxaraq atamı avtomobilə əyləşdirib xəstəxanaya apardı. Mən isə mağazadan arxa qapıdan çıxıb evimizin həyətinə keçdim və su kranında bıçağın üzərindəki qan ləkələrini yudum, bıçağı qaytarıb vitrin soyuducunun üzərinə qoydum. Sonradan polis əməkdaşları hadisə yerinə gəldikdə atamın xəstəxanada öldüyünü mənə dedilər”.
Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Veysəl Mahmudov məhkəmədə ona verilmiş suallara cavab verməyib və özünü qeyri-adekvat, qəribə və anlaşılmaz aparıb.
“Veysəl xəstədir”
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qisimində ifadə verən Mahmudova Sevgiyə ifadəsində göstərib ki, Aydın onun həyat yoldaşı, Veysəl isə oğludur: “Veysəl doğuşdan əlil doğularaq sinir epilepsiyası xəstəliyindən əziyyət çəkirdi. Onu tez-tez Azərbaycanda və xarici ölkələrdə müalicə müəssisələrində müalicə etdirirdik. Veysəlin II qrup əlillik dərəcəsi var. 2006-cı il tarixdə Zaqatala rayonunda olan uzaq qohumumuz Zeybala Poladova ilə Veysəl ailə həyatı qurdu, lakin Veysəl xəstə olduğundan, Zeybala 2010-cu ildə Veysəldən ayrıldı. Birgə nikahlarından övladları yoxdur. Veysəl əsəbi olanda özünü itirirdi , hətta bəzi vaxtlarda əsəbiləşəndə bizi bir neçə dəqiqəlik tanımırdı. Yavaş-yavaş sakitləşdirdikdən sonra o, özünə gəlirdi”.
S. Mahmudova Veysəldən heç bir şikayətinin olmadığını bildirib: “O xəstədir. Bu hərəkəti qəsdən törətməyib”.
Məhkəmədə ifadə verən şahid Alim Yasinov isə bildirib ki, o, Aydın Mahmudovu maşınla xəstəxanaya aparıb: “Həkimlər ona baxan kimi dedilər ki, artıq ölüb. Bundan sonra polis əməkdaşlarına məlumat verdik və meyiti meyitxanaya göndərdilər”.
İbtidai istintaq zamanı Veysəlin hadisəni törədərkən anlaqlı olub-olmaması barədə tibbi ekspertiza keçirilib. Həmin ekspertizanın nəticəsinə görə, o, hadisə vaxtı öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmayıb, başqa sözlə, anlaqsız olub.
Ekspertiza onun məcburi müalicə müəssisəsinə yerləşdirilməsinin məsləhət olduğunu da rəyində qeyd edib.
Məhkəmənin hökmü
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Veysəl Mahmudovun atasını bıçaqla vuraraq öldürməsi tam sübut olunub. Həmçinin məhkəmə məhkəmə-psixiatrik ekspertizasının rəylərini təhlil edərək və işin bütün halları ilə bağlı qiymətləndirmə apararaq hesab edib ki, Veysəl Mahmudov cinayət əməlini anlaqsız vəziyyətdə törədib.
V. Mahmudov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, cinayət məsuliyyətindən azad edilib və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
Qeyd : Yazı xüsusi olaraq Lent. az sayıtı üçün hazırlanıb.