"Hərbi qulluqçular arasında özünü öldürmə halları azalıb".
Lent.az xəbər verir ki, bu barədə hərbi prokuror Xanlar Vəliyev bu gün keçirilən geniş kollegiya iclasında bildirib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyevqeyd edib ki, 2022-ci ilin birinci rübündə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti, qulluğa səhlənkar yanaşma cinayəti ümumiyyətlə qeydə alınmayıb. Baş vermiş özünü öldürmə hadisələri isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb.
Xanlar Vəliyev həmçinin vurğulayıb ki, bütün bunların nəticəsində də cinayətlər ildən-ilə azalıb və konkret olaraq 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz və özünü öldürmə hadisələri 12,5 faiz azalıb.