Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb.
Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanaya aparılıb.
Müğənni daha sonra İstanbula qayıtdığını və öz həkiminə müraciət edəcəyini bildirib. Onun ilkin olaraq qolundan xəsarət aldığı düşünülsə də, problemin ayağında olduğunu açıqlayıb.
“Konsertə fasilə verdiyim zaman pilləkəndən yıxıldım. İndi İstanbula qayıtmışıq və öz həkimimizin yanına gedirik. Zədənin qolda olduğu deyilmişdi, amma təəssüf ki, ayağımdadır. Mümkün qədər tez səhnəyə qayıtmağa və qarşıdakı konsertlərə çatmağa çalışacağam”, - müğənni bildirib.
